Araqçıya sui-qəsd cəhdinin pərdəarxası – İsrailin İranla bağlı yeni taktikası işə düşdü


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl İran təhlükəsizlik qüvvələri Tehranda xarici işlər naziri Abbas Araqçının qətli üçün hazırlanmış sui-qəsd cəhdinin qarşısını alıblar. Maraqlıdır ki, Araqçının yaxın gələcəkdə bir sıra beynəlxalq görüşlərə qatılması və xarici ölkələrə səfərləri planlaşdırılır.

XİN başçısı ölkə sərhədlərindən kənarda da hədəfə alına və ona qarşı sui-qəsd təşkil oluna bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səfərov deyib ki, İranla İsrail və onun müttəfiqi ABŞ arasında uzun illərdir müxtəlif formalarda davam edən savaş bir çox hallarda sui-qəsdlərlə müşayiət olunub:

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı general Qasım Süleymaninin 2020-ci ildə Bağdadda, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin isə 2024-cü ildə Tehranda sui-qəsd nəticəsində öldürülməsi, həmçinin İranın yüksək rütbəli zabitlərinin, nüvə alimlərinin və rəsmi şəxslərinin hücumlar zamanı qəfil həlak olması İsrailin onilliklər boyu İranın kəşfiyyat xidmətlərinə sızmaq cəhdlərini, eləcə də yüksək rütbəli İran rəsmilərinin İsrailin hücumlarından qaçmağa çalışarkən yol verdikləri ehtiyatsız səhvləri əks etdirir.

İsrail həm İran daxilində, həm də müxtəlif xarici ölkələrdə Tehranın yüksək rütbəli hərbi komandirlərini və rəsmi şəxslərini qətlə yetirmək təcrübəsinə malikdir. İranın ali dini lideri Əli Xameneinin və ölkənin digər yüksək vəzifəli rəsmilərinin öldürülməsi də gündəmdə olduğu bir vaxtda, İranın xarici işlər naziri Abbas Araqçının ölkə xaricinə səfər etmək istəməsi, təhlükəsizlik baxımından hazırkı mürəkkəb dövrdə diqqət çəkən bir nüansdır.

Həmçinin oxuyun:

İran nüvə danışıqlarından çəkildi: Proses bitdi, yoxsa yenidən başlayacaq?

Müttəfiq olan ABŞ və İsrail güclü kəşfiyyat imkanlarına malikdir. Buna görə də İsrail, düşmən və təhlükə hesab etdiyi şəxsləri zərərsizləşdirərkən bu addımlarını çox zaman rəsmi Vaşinqtonla razılaşdırır.

Elmir S%C9%99ft%C9%99rov
Elmir Səfərov

Hazırda ABŞ və İsrail İrana təzyiq göstərərək öz istəklərinə qısa müddətdə nail olmağa çalışırlar. Beynəlxalq aktorlar faktiki olaraq əməli tədbir görməsələr də, İrana qarşı hücumları pisləyən bəyanatlar qəbul edir, Qəzzadan sonra İsrailin növbəti hücumlarının həm humanitar, həm də müharibə hüququ baxımından beynəlxalq normaları pozduğunu bildirirlər.

Beynəlxalq təzyiqlərlə üzləşən İsrail, İranın diplomatik idarəsinin rəhbərinin xarici ölkəyə səfərini siyasi baxımdan təhdid kimi qiymətləndirir və bu səfərin qarşısını almaq üçün müxtəlif vasitələrlə mane olmağa çalışır. Təbii ki, ABŞ-ın da razılığını alan İsrail, bundan əvvəl İranın yüksək rütbəli şəxslərini qətlə yetirmişdisə, digər şəxslərlə bağlı da kəşfiyyat məlumatlarına malikdir.

Ola bilər ki, İranın ABŞ-ın tələblərini yerinə yetirməsi ehtimalını gündəmdə saxlayan İsrail, diplomatik kanalları açıq saxlamaq məqsədilə rəsmi şəxsləri hədəfə almır, sadəcə, qorxutmaq üçün müəyyən addımlar atır”.


MANŞET XƏBƏRLƏRİ