BMT: Suriyada PKK/YPG ötən il 286 uşağı zorla silahlı qüvvələrinə cəlb edib


Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında Suriyada fəaliyyət göstərən terror təşkilatı PKK/YPG və onun törəmələrinin keçən il 286 uşağı zorla silahlı qüvvələrinə cəlb etdiyi ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreşin 2024-cü il üçün məlumatları ehtiva edən “Uşaqlar və Silahlı Münaqişə” hesabatından Suriya və İraqdakı terror təşkilatlarının uşaqlarla bağlı qeydlərini toplayıb.

40 səhifəlik hesabatda 527 uşağın Suriyada müxtəlif qruplar, başda “SDF” adından istifadə edən terror təşkilatı PKK/YPG və ona bağlı qruplar, həmçinin İŞİD tərəfindən silahlı qruplaşmalara cəlb edildiyi bildirilir.

Hesabatda qeyd edilib ki, BMT ümumilikdə 286 uşağın Suriyada terror təşkilatı PKK/YPG və ona bağlı olan qruplar tərəfindən zorla orduya cəlb edilərək silahlı şəxs kimi istifadə edildiyini təsdiqləyib.

2024-cü ildə 110 uşağın ölümü və ya əlil olması, 10 uşağın zorla qaçırılması ilə bağlı PKK/YPG və digər təşkilatların məsuliyyət daşıdığı, terrorçuların silahlı fəaliyyətləri üçün 23 məktəb və xəstəxanadan istifadə etdikləri bildirilib.

Bildirilib ki, 2024-cü ilin sonu etibarilə əcnəbilər də daxil olmaqla, təxminən 1000 uşağın silahlı qruplaşmalarla, xüsusilə də İŞİD-lə əlaqəsi səbəbindən azadlıqları məhdudlaşdırılıb.

Suriyanın şimal-şərqində PKK/YPG-nin üstünlük təşkil etdiyi düşərgələrdə İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 25 minə yaxın uşağın illərdir azadlıqdan məhrum edildiyi diqqətə çatdırılıb.

BMT-nin hesabatında İraqda fəaliyyət göstərən terror təşkilatı HPG/PKK ünsürlərinin bu məqsədlə 7 uşağı öz silahlı şəxsi heyətinə cəlb etdiyi və 6 uşağı qaçırdığı da əksini tapıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ