Yunanıstanın paytaxtı Afinada keçirilən fövqəladə təhlükəsizlik toplantısında İsrailin İrana hücumları kontekstində ölkənin hava hücumundan müdafiə hazırlıqları nəzərdən keçirilib.
Turkustan.az xəbər verir ki, Yunanıstan mətbuatının yazdığına görə, müdafiə naziri Nikos Dendiasın başçılığı ilə keçirilən iclasda xüsusilə ABŞ ünsürlərini hədəf alan ballistik raket təhdidlərinə qarşı Krit adasındakı Suda Dəniz Bazasında infrastrukturun gücləndirilməsi qərara alınıb.
Bu çərçivədə Yunanıstanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin bölgəyə göndərilməsi və birinci mərhələdə Tehranın mümkün hücumunda hədəfə alına biləcək Amerika ünsürlərinin müdafiəsi üçün yerləşdirilməsi planlaşdırılır.
Digər tərəfdən, Baş nazir Kiriakos Mitsotakis bəzi media orqanlarında "Suda Hərbi Dəniz Bazasına hücum təhlükəsi" ilə bağlı iddiaları qəti şəkildə rədd edib. Salonikidə bir radio proqramında çıxış edən Mitsotakis "Belə bir təhlükə yoxdur" deyib.
Aytən Yaşar/ Turkustan.az