Rusiya-Ukrayna müharibəsi, İran-İsrail toqquşması və Çinin Tayvana mümkün hücumu fonunda III Dünya müharibəsi ehtimalı getdikcə daha real görünür. Lakin bəzi mütəxəssislər bu təhlükənin qarşısını almağın yollarını axtarmaqda israrlıdır.
Turkustan.az xəbər verir ki, "Interesting Engineering" nəşrinin məlumatına görə, bu məqsədlə süni intellekt əsasında yeni texnologiya hazırlanıb.
Harvard Universitetinin sabiq professoru Arvid Bell ABŞ-ın Vaşinqton şəhərində təşkil olunan "AI+ Expo" sərgisində təqdim etdiyi "Şimal ulduzu" adlı aləti ilə bu sahədə yeni yanaşma irəli sürüb. Bu süni intellekt əsaslı vasitə, Nobel mükafatı laureatı fizik Ferents Dalnoki-Veress ilə birgə hazırlanıb.
"Şimal ulduzu" dünya liderlərinin rəqəmsal ikililərini yaradaraq onların müxtəlif ssenarilərdə davranışlarını modelləşdirir. Bu sistem, siyasi liderlərin iqtisadi sanksiyalar və ya hərbi tədbirlər kimi vəziyyətlərə reaksiyalarını simulyasiya edərək mümkün nəticələri təhlil edir.
Arvid Bell bildirib ki, onun modeli 2022-ci ildə Qərb ölkələri tərəfindən Ukrayna üzərində uçuşsuz zona tətbiq olunacağı təqdirdə, Rusiyanın eskalasiyaya gedəcəyi ehtimalını 60 faiz dəqiqliklə proqnozlaşdırmışdı. Həmin vaxt bu məsələ beynəlxalq ictimaiyyətdə geniş müzakirə olunurdu.
Bell ümid edir ki, "Şimal ulduzu"nun proqnostik qabiliyyəti liderlərə öz qərarlarının təsirlərini daha dərindən dərk etməyə kömək edəcək və onları zorakılıq ehtimalı yüksək olan situasiyalarda daha ehtiyatlı qərarlar qəbul etməyə təşviq edəcək.
Lakin "Interesting Engineering" nəşri bu texnologiyanın istifadəsində ifrat optimizmin təhlükəli ola biləcəyinə diqqət çəkir. Nəşrin şərhində deyilir:
"Şimal ulduzu insan davranışlarını proqnozlaşdırmaqda süni intellektin ciddi irəliləyişidir, lakin bu texnologiyanın mümkün çatışmazlıqlarını da nəzərdən qaçırmaq olmaz. Maraq qruplarının bu proqnozlara həddindən artıq güvənməsi, nəticə etibarilə yanlış qərarlara və daha ağır nəticələrə səbəb ola bilər".
Bu texnoloji yanaşma beynəlxalq siyasət və təhlükəsizlik sahəsində süni intellektin yeni potensial tətbiqlərini nümayiş etdirir. Lakin bu kimi alətlərin gələcəkdə dünya liderləri tərəfindən necə və hansı məsuliyyətlə istifadə olunacağı hələ də açıq sual olaraq qalır. /qaynarinfo.az/