Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində təşkil olunan Dünya Kubokunda qızıl medal qazanıb.
Turkustan.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən milli komandanın üzvü həlledici görüşdə Bolqarıstan təmsilçisi Rami Kiuanla üz-üzə gəlib.
Bütün raundlarda üstün təsir bağışlayan Cəfərov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə məğlub edərək turnirin qalibi adına layiq görülüb.
Bununla da Azərbaycan millisi 40 ölkədən 300 idmançının iştirak etdiyi ilin ikinci reytinq xarakterli yarışını 1 qızıl və 2 bürünc medalla başa vurub.
Komandamızın digər üzvlərindən Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) də yarışda bürünc medal əldə ediblər./Modern.az