CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb ki, prezident Donald Tramp dünya iqtisadiyyatına, eləcə də aralıq seçkilər ərəfəsində öz populyarlığı və respublikaçıların mövqeyinə təsirinə görə İranla münaqişəni mümkün qədər tez başa çatdırmağa çalışırdı.
Telekanalın məlumatına görə, iyunun əvvəlində Tramp və onun müşavirləri Hörmüz boğazının açılmasını, İranın nüvə proqramı ətrafında nizamlanmanın ümumi prinsiplərini nəzərdə tutan Tehranla çərçivə sazişinə nail olmaq qərarına gəliblər. CNN qeyd edir ki, administrasiyanın bir çox yüksəkvəzifəli nümayəndələri münaqişənin dayandırılmasının tərəfdarı idilər. Xüsusilə, maliyyə naziri Skott Bessent müharibənin iqtisadi nəticələrindən, energetika naziri Kris Rayt isə dünya enerji bazarına təsirindən narahatlığını ifadə edirdi. Məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və Pentaqon rəhbəri Pit Heqset İranın ehtimal olunan razılaşmaları yerinə yetirməyə hazır olduğuna şübhə ilə yanaşan ən skeptik məmurlar sırasında olublar.

Məsələ ilə bağlı Musavat.com-a danışan politoloq Kənan Novruzov bunları deyib:
"Əvvəlki proqnozlarımızda bildirmişdik ki, ABŞ İranla gərginlikdə maraqlı deyil. Bunun əsas səbəblərindən birinin məhz CNN-in iddia etdiyi kimi aralıq seçkiləri olduğunu demişdik. Lakin yeganə səbəb bu deyil. Şübhəsiz ki, futbol üzrə ABŞ-də keçirilən Dünya Çempionatı da Vaşinqtonun qərarına təsir edib. Üçüncüsü, nəzərə almaq lazımdır ki, ABŞ-nin İranla bağlı hesablamaları heç də özünü doğrultmadı. Müharibə daxildə Trampa etimadı da xeyli azaltdı, reytinqi kəskin düşdü. Bu baxımdan Vaşinqtonun kompromisə getməsi gözlənilən idi. Əlbəttə, İran daxilindəki həmrəylik də bu məsələdə mühüm rol oynadı. O da məlumdur ki, İranla müharibə ABŞ siyasi elitasında ciddi fikir ayrılıqlarına səbəb oldu. Həmçinin beynəlxalq ictimaiyyətin supergüclə bağlı fikirlərini dəyişdi.
Yəqin ki, aralıq seçkilərinə qədər gərginlik olmayacaq. Bu, Vaşiqtona sərf etmir. Tehran da müharibə istəmir. Hər iki tərəf özünü qalib elan edir. İndi əsas məsələ İsrailin mümkün təxribatları ilə bağlıdır. Təl-Əviv gərginliyin bərpasına can ata bilər. Hərçənd bu zaman onsuz da əvvəlki kimi yaxşı olmayan ABŞ-İsrail münasibətlərinin daha da pisləşməsi mümkündür. Bu baxımdan İsrail də ritorikasında diqqətli olmalıdır. Aralıq seçkilərindən sonra, ilin sonuna yaxın ABŞ-İran münasibətlərində yeni gərginlik və eskalasiya ehtimalı var".