Albert Aqarunov üzərindən Azərbaycana hücum – “İrandan gələn ideoloji raketlərin əsas hədəfi budur”


Son günlər sosial şəbəkələrdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adı ətrafında aparılan müzakirələr diqqət çəkir.

Media hüququ üzrə ekspert Rəşid Hacılı hesab edir ki, bu kampaniyanın görünən hədəfi Albert Aqarunov olsa da, əslində məqsəd daha geniş və təhlükəli siyasi-ideoloji niyyətlərə xidmət edir.

Rəşid Hacılının fikrincə, sosial şəbəkələrdə müşahidə olunan bu tendensiya İran mənşəli ideoloji təsir kampaniyasının tərkib hissəsidir. O qeyd edir ki, burada yalnız yəhudilərə qarşı nifrət elementləri deyil, həm də Azərbaycanın dövlətçilik modelinə qarşı yönəlmiş mesajlar yer alır.

reshid.jpg (85 KB)

Rəşid Hacılı

Ekspert xatırladır ki, Azərbaycan Ordusunun zabiti olan Albert Aqarunov Şuşanın müdafiəsi zamanı qəhrəmancasına həlak olub və Milli Qəhrəman adına layiq görülüb. Onun sözlərinə görə, bu gün həmin şəxsiyyət üzərindən aparılan hücumların əsas hədəfi konkret bir insanın xatirəsi deyil, Azərbaycanın formalaşdırdığı və dünyaya nümayiş etdirdiyi vətəndaşlıq modelidir.

Rəşid Hacılı vurğulayır ki, İranın fars-molla rejimi üçün narahatlıq doğuran əsas məqamlardan biri Azərbaycanda fərqli etnik və dini mənsubiyyətə malik insanların eyni dövlətin vətəndaşları kimi qəbul olunması, ölkənin milli qəhrəmanları sırasında yer almasıdır. Onun qənaətinə görə, yəhudi əsilli bir şəxsin Azərbaycanda Milli Qəhrəman kimi sevilməsi və hörmət görməsi bəzi dairələri ciddi şəkildə narahat edir.

Ekspert hesab edir ki, bu ideoloji kampaniyanın bir neçə əsas məqsədi var. Onun fikrincə, ilk növbədə Quzey Azərbaycanın Güney Azərbaycan türkləri üçün cəlbedici model kimi görünməsinin qarşısını almaq, Azərbaycanı düşmən obrazında təqdim etmək cəhdləri müşahidə olunur.

Rəşid Hacılı qeyd edir ki, digər məqsədlərdən biri Azərbaycanın İsraillə və Qərb ölkələri ilə münasibətlərinə zərbə vurmaqdır. O hesab edir ki, müxtəlif təbliğat vasitələri ilə Azərbaycanın xarici siyasət kursuna qarşı mənfi münasibət formalaşdırmağa çalışılır.

Ekspertin fikrincə, ölkə daxilində dini təəssübkeş çevrələri fəallaşdırmaq, onları ideoloji baxımdan səfərbər etmək və potensial daxili müqavimət şəbəkələri yaratmaq da bu fəaliyyətlərin əsas istiqamətlərindən biridir.

Rəşid Hacılı eyni zamanda bildirir ki, İranın məqsədləri sırasında Azərbaycanda özünə bağlı təsir qruplarını və agentura şəbəkəsini gücləndirmək, bunun vasitəsilə ölkənin müstəqil və suveren siyasətinə təsir göstərmək niyyəti də yer alır. Onun sözlərinə görə, Tehran gələcəkdə yarana biləcək mümkün qarşıdurmalarda bu çevrələrdən istifadə etməyi hədəfləyir.

Ekspert hesab edir ki, İran rejiminin öz maraqları baxımından belə addımlar atması təəccüblü deyil. Lakin onun fikrincə, anlaşılmaz olan məqam Azərbaycanda yaşayan bəzi şəxslərin dini təəssübkeşlik pərdəsi altında bu təbliğata qoşulması və xarici ideoloji təsirlərin yayılmasına xidmət etməsidir.

Rəşid Hacılı vurğulayır ki, Albert Aqarunov ətrafında aparılan müzakirələrə yalnız bir şəxsiyyətə münasibət kimi baxmaq düzgün deyil. Onun qənaətinə görə, burada söhbət Azərbaycanın milli həmrəyliyinə, multikultural dəyərlərinə və müstəqil dövlətçilik modelinə qarşı yönəlmiş daha geniş ideoloji kampaniyadan gedir./Musavat.com


MANŞET XƏBƏRLƏRİ