Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Suriya Ərəb Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Turkustan.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, sənəd Suriyanın səhiyyə naziri Dr. Musaab Nazzal Alali ilə keçirilən görüş çərçivəsində imzalanıb.
Nazirin sözlərinə görə, memorandum səhiyyə sistemlərinin gücləndirilməsi, xüsusilə ictimai səhiyyənin qorunması, yoluxucu xəstəliklərlə mübarizə, ana və uşaq sağlamlığının yaxşılaşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.
Sənəd həmçinin əczaçılıq və tibbi cihazlar sahəsi, peyvəndlərin hazırlanması, tibbi biotexnologiya, fövqəladə hallar və fəlakətlərin idarə olunması, səhiyyə informasiya sistemləri və səhiyyə turizmi üzrə təcrübə və məlumat mübadiləsini əhatə edir.
Memişoğlu qeyd edib ki, bu razılaşma iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcək və hər iki tərəf üçün faydalı olacaq.
Aytən Yaşar/ Turkustan.az