Ölümcül virus Afrikanı keçərək, İsrailə çatdı


İsraildə dörd gün əvvəl Konqo Demokratik Respublikasından qayıdan bir şəxs Ebola virusu daşıyıcısı olmaq şübhəsi ilə karantinə alınıb.

Turkustan.az xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi bildirib ki, qızdırma və baş ağrısı şikayəti ilə Hayfadakı Rambam Xəstəxanasına müraciət edən şəxs Ebola şübhəsi ilə izolasiya edilib.

Qeyd olunub ki, test nəticələrinin 48 saat ərzində açıqlanması gözlənilir. Eyni zamanda, həmin şəxslə təmasda olanların müəyyən edilməsi üçün kontaktların izlənməsi prosesi başlanıb.

İsrail dövlət televiziyası KAN təcili tibbi yardım əməkdaşlarının şübhəli xəstəyə müdaxilədən sonra dezinfeksiya prosesini əks etdirən görüntülər yayımlayıb.

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (Africa CDC) Konqo Demokratik Respublikasının şərqində may ayında başlayan Ebola epidemiyası nəticəsində ölənlərin sayının 200-ü keçdiyini açıqlayıb.

Konqo Demokratik Respublikasının İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm hadisəsindən sonra 15 may tarixində epidemiya elan olunub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə 17 mayda Ebola yayılmasının artması səbəbilə beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Səhiyyə rəsmilərinə görə, hazırkı epidemiya Ebolanın nadir “Bundibugyo” variantı ilə bağlıdır və bu ştamm üçün təsdiqlənmiş xüsusi müalicə və ya peyvənd mövcud deyil.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ