Rəsmi Bakı məhz Cənubi Qafqazda uzunmüddətli sülhü, regional əməkdaşlığı və nəqliyyat-kommunikasiya xətlərinin açılmasını ön planda tutur... Paşinyan hakimiyyətinin yeni yanaşma tərzi isə rəsmi Bakının hədəfləri qarşısındakı əsas siyasi əngəllərin tədricən aradan qalxa biləcəyini göstərir...
Ermənistanda keçirilən növbəti parlament seçkilərindən sonra rəsmi İrəvan müxtəlif istiqamətlər üzrə intensiv manevrlər etməyə çalışır. Belə ki, baş nazir Nikol Paşinyanın son açıqlamaları rəsmi İrəvanın Cənubi Qafqazda yeni geopolitik reallıqlara uyğun davranmaq niyyətini biruzə verir. Erməni baş nazir Azərbaycanla sülhün Ermənistan iqtisadiyyatına yeni imkanlar açdığını vurğulayır. Yaxın gələcəkdə Bakı səfərinə hazır olduğunu bildirir. Və eyni zamanda, Ermənistanın "Qarabağ məsələsi" ilə bağlı əvvəlki siyasi-ideoloji yanaşmalarını sərt şəkildə tənqid edir.
Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyanın bu açıqlamaları Ermənistanın daxili və xarici siyasətində olduqca ciddi dönüş prosesinin başlandığını göstərir. Çünki baş nazir Nikol Paşinyanın "əgər, 2029-cu ildə Avropa Siyasi Birliyinin Bakıda keçiriləcək sammitinə dəvət alsam, Azərbaycana gedəcəyəm" açıqlaması hələlik Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Və bu, ilk baxışdan siyasi-diplomatik jest kimi görünsə də, əslində, daha geniş məzmunlu siyasi mesaj xarakteri daşıyır. pizza
Məsələ ondadır ki, onilliklər boyu Azərbaycan və Ermənistan arasında münasibətlər yalnız hərbi qarşıdurma, müharibə kimi neqativ faktorlara bağlı olub. İndi isə erməni baş nazirin Azərbaycan paytaxtına səfərə hazır olduğunu açıq mətnlə bəyan etməsi iki ölkə arasında və eləcə də, regionda yeni münasibətlər sisteminin formalaşmaqda olduğunu göstərir. Və baş nazir Nikol Paşinyanın "Azərbaycanla Ermənistan arasında konflikt artıq başa çatıb" ifadəsi isə rəsmi İrəvanın əvvəlki siyasi ritorikasından uzaqlaşmağa çalışdığını sezdirir.
Digər tərəfdən, erməni baş nazir vaxtilə iki ölkə arasında savaşa səbəb olmuş "Qarabağ məsələsi"ni dövlət siyasətinin əsas təməli kimi təqdim olunmasından da rəsmən imtina edir. Bunun əvəzində isə Ermənistan cəmiyyətinin əsas diqqətini məhz ölkənin iqtisadi inkişafına, regional inteqrasiyaya və yeni təhlükəsizlik modelinə yönəltməyə çalışır. Və onun fikrincə, Azərbaycanla sülh artıq Ermənistan iqtisadiyyatına müsbət təsirlər göstərməyə başlayıb.
Eyni zamanda, onun sosial proqramlar, o cümlədən də, pensiyaların artırılması ilə bağlı açıqlamaları isə birmənalı şəkildə ölkədaxili auditoriyaya yönəlmiş siyasi mesajlar hesab olunur. Erməni baş nazir bununla göstərməyə çalışır ki, sülh prosesi yalnız siyasi-diplomatik sənədlərdən ibarət deyil. Və bu, həm də Ermənistan vətəndaşlarının gündəlik həyatına pozitiv təsir edə biləcək önəmli iqtisadi nəticələr yarada bilər.
Əslində, Ermənistan üçün Azərbaycanla münasibətlərin normallaşması həqiqətən də uzunmüddətli iqtisadi perspektiv baxımından, olduqca böyük əhəmiyyət daşıyır. Çünki onilliklər boyu Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması Ermənistanın regional layihələrdən kənarda qalmasına da səbəb olub. Yeni mərhələdə isə nəqliyyat-kommunikasiya xətlərinin açılması, ticarət imkanlarının genişlənməsi və regional geoiqtisadi layihələrə qoşulma şansı Ermənistana yeni inkişaf perspektivləri aça bilər.
Ancaq Paşinyan hakimiyyətinin bu siyasi kursu Ermənistan daxilində hələ də ciddi müqavimətlə üzləşir, hətta qarşıdurma belə, yaradır. Çünki erməni separatizmini əsas siyasi-ideoloji xətt kimi qəbul edən Rusiyaya bağlı düşərgə baş nazir Nikol Paşinyanın kursunu Ermənistan üçün çox təhlükəli hesab edirlər. Və ona görə də, Paşinyan hakimiyyətinin Kremldən təlimat alan müxalifət liderlərinə, eləcə də, "Qarabağ klanı"mən təmsilçilərinə qarşı sərt, həm də ifşaedici ittihamları qətiyyən təsadüfi deyil.
Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyanın "Qarabağ hərəkatı konfliktin əsas səbəblərindən biri idi" fikri hazırda Ermənistanda ən mübahisəli yanaşma tərzi hesab olunur. Onun fikrincə, ötən əsrin 90-cı illərindən sonra Ermənistanın dövlət resurslarının böyük bir hissəsi məhz bu məsələyə yönəldilib. Ona görə də, ölkənin iqtisadi inkişafı zəifləyib və müasir tələblərə uyğun strukturlaşma prosesi zərbələrə məruz qalıb. Və erməni baş nazirin bu mövqeyi həm də Ermənistanın yeni konstitusiyası ətrafında aparılan müzakirələrə də birbaşa təsir göstərir.
Çünki baş nazir Nikol Paşinyan hesab edir ki, bu məsələ "Müstəqillik Bəyannaməsi"nin ləğvi ilə bağlı deyil. Onun fikrincə, ölkənin gələcək konstitusiyasının mətnində hansı prinsiplərin əks olunacağı daha böyük əhəmiyyət daşıyır. Erməni baş nazirin bu yanaşma tərzi Azərbaycan tərəfinin uzun müddətdir ki, qabarıq şəkildə ön planda saxladığı təhlükəsizlik narahatlıqları ilə də əlaqələndirilir. Çünki rəsmi Bakı hesab edir ki, davamlı sülhün təmin edilməsi üçün Ermənistan konstitusiyasında yer alan və revanşizmə yol aça biləcək "müddəalar" mütləq aradan qaldırılmalıdır.
Digər tərəfdən, Paşinyan hakimiyyətinin ölkədaxili siyasi mübarizədə əsas arqumentlərindən biri də odur ki, Ermənistanın gələcəyi keçmiş münaqişələr deyil, məhz dövlət quruculuğu və iqtisadi inkişaf üzərində formalaşmalıdır. Ancaq Paşinyan hakimiyyətinin bu siyasi kursu onun üçün ciddi risklər də yaradır. Çünki Ermənistan cəmiyyətində "Qarabağ məsələsi" hələ də emosional və siyasi baxımdan, manipulyasiyalara açıq mövzu olaraq qalır.
Bütün bunlara paralel olaraq, Cənubi Qafqazda daha genişmiqyaslı geopolitik dəyişikliklər müşahidə olunur. Belə ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq cəhdləri Cənubi Qafqaz regionunda ənənəvi güc balansına da birbaşa təsir göstərə bilər. Xüsusilə də, Rusiyanın uzun illər ərzində formalaşdırdığı regional təhlükəsizlik arxitekturası artıq yeni müdaxilələr ilə üzləşir. Rəsmi İrəvanın Qərbə yaxınlaşma siyasəti və Azərbaycan ilə birbaşa dialoqu genişləndirmək cəhdləri Rusiyanın regiondakı mövqelərini zəiflədə biləcək önəmli proseslər kimi qiymətləndirilir.
Eyni zamanda, Azərbaycan üçün də bu yeni mərhələ olduqca böyük geostrateji əhəmiyyət daşıyır. Çünki rəsmi Bakı əsas məqsəd kimi, məhz Cənubi Qafqazda uzunmüddətli sülhü, regional əməkdaşlığı və nəqliyyat-kommunikasiya xətlərinin açılmasını ön planda tutur. Və Paşinyan hakimiyyətinin yeni yanaşma tərzi isə rəsmi Bakının hədəfləri qarşısındakı əsas siyasi əngəllərin tədricən aradan qalxa biləcəyini göstərir.
Göründüyü kimi, Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycana yönəlik pozitiv məzmunlu mesajları sadəcə, siyasi-diplomatik açıqlama deyil. Bu, həm də Ermənistanın İkinci Qarabağ savaşından sonrakı xarici siyasət kursunu yenidən müəyyənləşdirmək cəhdidir. Ona görə də, rəsmi İrəvanın qarşısında indi olduqca önəmli seçim məcburiyyəti də dayanır. Yəni, Ermənistan indi ya keçmiş qarşıdurma siyasətinin mirası ilə yaşamaqda davam etməkdədir. Ya da bütün kənar təzyiqlərə baxmayaraq, yeni regional reallıqlara uyğunlaşaraq, iqtisadi və siyasi inteqrasiyaya doğru yönəlməlidir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu