İyunun 19-da İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin konfrans zalında Media və Mülki Cəmiyyət İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Kollecin direktor müavini Vüqar Mikayıllı iştirakçıları salamlayaraq qeyd edib ki, belə aktual və mühüm mövzuya həsr olunan tədbirin İsmayıllıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. O, bu cür görüşlərin cəmiyyətdə maarifləndirmə işinin gücləndirilməsi və dəyərlərin təbliği baxımından vacib olduğunu vurğulayıb.
Daha sonra Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, layihə rəhbəri Xanoğlan Əhmədov çıxış edərək layihənin məqsəd və əsas istiqamətləri barədə iştirakçılara məlumat verib. O bildirib ki, bu kimi təşəbbüslər cəmiyyətdə qarşılıqlı anlaşma, hörmət və tolerantlıq mühitinin möhkəmlənməsinə, müxtəlif sosial qruplar arasında sağlam dialoqun və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verir.
Tədbirdə ilahiyyatçı, jurnalist-publisist Rəsul Mirhəşimli mövzu ilə bağlı məruzə ilə çıxış edib. Məruzəçi vurğulayıb ki, müasir dünyada fərqli dinlərin və inancların nümayəndələrinin birgə yaşaması cəmiyyətlərin inkişaf səviyyəsini göstərən mühüm göstəricilərdən hesab edilir. Müxtəlif dini baxışların mövcudluğu yalnız mənəvi həyatın zənginliyini deyil, həm də insanların qarşılıqlı münasibətlərinin formalaşmasına təsir edən vacib amillərdən biridir. Azərbaycan da müxtəlif dini ənənələrin əsrlər boyu qorunub saxlandığı və bu ənənələrin ictimai həyatın ayrılmaz hissəsinə çevrildiyi ölkələrdən biridir: “Azərbaycan ərazisi qədim dövrlərdən etibarən müxtəlif sivilizasiyaların təsir dairəsində olub. Ölkəmiz fərqli dinlərin və mədəniyyətlərin birgə və qarşılıqlı anlaşma şəraitində yaşaması ilə dünyada seçilən ölkədir. Cəmiyyətin fərdləri milli bayramımız olan Novruz bayramını birgə qeyd edir, dini bayramlarımızda bir-birilərini təbrik etməkdə özlərini mənəvi baxımdan borclu hesab edir, xristianlıq dininin nümayəndələrini keçirdikləri Pasxa bayramı isə həm dövlət səviyyəsində, həm də xalqımızın nümayəndələri tərəfindən təbrik edilir.
Artıq bir neçə gündür hicri-qəməri təqvimi ilə yeni ilin ilk ayı olan Mərhərrəm ayı başlayıb. Məhərrəm ayı İslam tarixində yaşanan ən böyük faciənin yaşandığı hadisə kimi tarixə düşüb. Azərbaycan müsəlmanları şəhidlik məktəbi sayılan Kərbəla faciəsini min illərdir hüznlə yad edir, Hz.Hüseyn (ə) və əqidədaşlarının mübarizəsini sevgi ilə yaşadır. Fərqli məzhəb və dinlərin nümayəndələri bu faciəyə həssaslıqla yanaşır, şənliklərin keçirilməsini məhərrəmlik mərasimi bitənədək təxirə salır.
Cəmiyyətin sağlam inkişafı üçün insanların bir-birinin mənəvi seçimlərinə hörmətlə yanaşması böyük əhəmiyyət daşıyır. Müxtəlif dini mənsubiyyətə malik şəxslərin gündəlik həyatda əməkdaşlıq etməsi, eyni sosial mühitdə fəaliyyət göstərməsi və ümumi məqsədlər naminə birlik nümayiş etdirməsi ictimai münasibətləri daha möhkəm edir. Belə mühitdə fərqlər ayrı-seçkilik səbəbinə deyil, qarşılıqlı öyrənmə imkanına çevrilir.
Dini müxtəlifliyin düzgün anlaşılması üçün maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir. Təhsil müəssisələrində fərqli mədəniyyətlər və inanclar haqqında obyektiv biliklərin verilməsi gənc nəslin daha açıq düşüncəli formalaşmasına kömək edir. İnsanlar müxtəlif dini ənənələr haqqında məlumat əldə etdikcə stereotiplər azalır və qarşılıqlı etimad güclənir”.
Layihənin eksperti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov çıxışında Azərbaycanda tarixən formalaşmış tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasının əhəmiyyətindən danışıb. O bildirib ki, əsrlər boyu müxtəlif xalqların və dini icmaların nümayəndələrinin sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı Azərbaycan bu gün də öz multikultural dəyərləri ilə seçilir və dünyaya nümunə olan birgəyaşayış modelini uğurla davam etdirir.
Q.Qubadov qeyd edib ki, İsmayıllı rayonu Azərbaycanın etnik və dini müxtəlifliyin qarşılıqlı hörmət əsasında qorunduğu bölgələrindən biridir. O vurğulayıb ki, rayonda azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri uzun illərdir mehriban münasibətlər və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. İsmayıllıda mövcud olan dini icmalar, tarixi abidələr və milli-mədəni irs nümunələri ölkəmizin tolerantlıq ənənələrinin mühüm göstəricilərindəndir.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycanda dövlət səviyyəsində multikultural dəyərlərə, dini etiqad azadlığına və milli azlıqların hüquqlarına göstərilən diqqət cəmiyyətdə sabitliyin, həmrəyliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, bu dəyərlərin xüsusilə gənc nəslə çatdırılması və təbliği Azərbaycanın zəngin multikultural irsinin gələcək nəsillər tərəfindən qorunub yaşadılmasında mühüm əhəmiyyət daşıyır.
Tədbirdə digər çıxış edənlər layihənin cəmiyyətdə maarifləndirmə baxımından əhəmiyyətli olduğunu qeyd ediblər. Onlar bildiriblər ki, Azərbaycanda müxtəlif xalqların və dini icmaların əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşaması ölkəmizin zəngin multikultural ənənələrinin göstəricisidir.
Çıxışlarda vurğulanıb ki, tolerantlıq və milli-mənəvi dəyərlərin qorunması cəmiyyətin sabitliyinin əsas amillərindən biridir. İsmayıllı rayonunda da müxtəlif mədəniyyətlərin və adət-ənənələrin qarşılıqlı hörmət şəraitində yaşadıldığı qeyd olunaraq, bu mühitin gənc nəslə nümunə kimi çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.
İştirakçılar belə layihələrin cəmiyyətdə dialoqun, həmrəyliyin və qarşılıqlı anlaşmanın daha da güclənməsinə xidmət etdiyini bildiriblər.