“İlk növbədə "Qarabağ"ın harada oynadığının fərqində olmalıyıq. Bu, Çempionlar Liqasıdır. İkincisi, "Qarabağ"ın dünənki oyununda bəzi detallara diqqət ayırmaq lazımdır. Azarkeş kimi yox, peşəkar kimi düşünməliyik”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında idman jurnalisti, "Publika.az" saytının baş redaktoru Natiq Muxtarlı bildirib.

Onun sözlərinə görə, meydança çox ağır vəziyyətdə idi:
“Diqqət etdizsə, "Qarabağ"ın futbolçuları ilk hissədən etibarən rəqibin cərimə meydançasında pressinq tətbiq edirdilər. Yəni müdafiənin yükünü azaltmaq üçün rəqibi öz cərimə meydançasında sıxırdılar. Bu isə futbolçulardan böyük fiziki güc tələb edir. Futbolçular yorulmuşdular, buna görə də dəyişiklik etmək zərurəti vardı. "Qarabağ" mütləq oyunçu dəyişikliyi etməli idi.Tutaq ki, Andrade yorulmuşdu, fiziki cəhətdən çatdırmırdı, müdafiəyə kömək edə bilmirdi. Eləcə də Duran yorulmuşdu, müdafiəyə gəlməyə məcbur qalırdı və dəyişiklik labüd idi. Amma "Qarabağ" kimi meydana buraxmalı idi? Ehtiyatda Paşuk və Nərimandan başqa heç kim yox idi. Heyət kasadlığıdır və bu, bir amildir. Nərimanın səviyyəsi aşağıdır-yuxarıdır, bu, ayrımüzakirə mövzusudur, amma fakt budur ki, heyət kasaddır və komanda məcburən Nərimanı meydana buraxdı”.
Şərhçinin fikrincə, ikinci məqam isə "Qarabağ"ın dünən sistem dəyişikliyi ilə oynaması ilə bağlıdır:
“Bəzi futbolçular öz mövqelərində oynamırdı. Bunun səbəbi Kadinin zədələnməsi idi. Kadi zədələndiyi üçün Qurban Qurbanov məcburən Zubiri onun yerinə mərkəzdə oynatdı. Cinahda isə Addaini oynatdı. Əslində Kadi olsaydı, Addai ehtiyatda qalacaqdı və 57-ci dəqiqədə meydana Nəriman yox, Addai çıxacaqdı. Amma Kadi olmadığı üçün Zubir mərkəzə çəkildi, Addai cinaha keçdi və nə baş verdi? Zubir mərkəzdə əvvəlki effekti verə bilmədi. Çünki öz mövqeyini dəyişmişdi”.
N.Muxtarlı vurğulayıb ki, futbolda sistem çox həssas məsələdir və bir futbolçu mövqeyini dəyişəndə hər kəs eyni effekti verə bilmir:
“Hətta ən istedadlı futbolçular belə böyük klublarda mövqeləri dəyişəndə narazılıq edirlər, çünki performansları aşağı düşür. Zubirin dünənki zəif oyunu da məhz mövqe dəyişikliyi ilə bağlı idi. Üstəlik, Zubirin mərkəzə keçməsi Elvin Cəfərquliyevi də kökdən saldı. Çünki Elvinlə Zubirin anlaşması Addai ilə alınmadı. O cinahda Elvin Cəfərquliyevlə Zubir illərdir bir yerdə oynayırlar, bir-birilərini gözüyumulu anlayırlar. Zubir mərkəzə keçəndə, Addai cinaha gəldi və nəticədə Elvinin də keyfiyyəti aşağı düşdü. Bəs niyə belə oldu? Niyə sistem dəyişikliyinə gedildi? Çünki "Qarabağ"ın heyətində ikinci bir Kadi yoxdur. O, zədələnib, amma Çempionlar Liqasında oynayan böyük klubların hamısında, o cümlədən "Ayaks"da iki heyət var. Bir oyunçu zədələnəndə, digəri gəlir və oyunun keyfiyyəti düşmür. Bəs, "Qarabağ"ın heyətində niyə ikinci bir Kadi yoxdur? Çünki ikinci bir Kadenin Azərbaycana gəlməsi mümkün deyil. Sən ikinci Kadeni Azərbaycanda "Şamaxı", "İmişli" ilə oyunda ehtiyatda oturmağa razı sala bilməzsən. İkinci Kadi gedər "Ayaks"da ehtiyatda oturar, Portuqaliyanın ikinci divizionunda, Türkiyənin İkinci Liqasında oynayar, amma "Qarabağ"a gəlməz. Bu, Azərbaycan futbolunun reallığıdır, çempionatımızın zəifliyinin nəticəsidir”.
N.Muxtarlı bildirib ki, bu problemlər varsa, "Qarabağ"dan Çempionlar Liqasında hamını udmağı tələb etmək olmaz:
“Bu, mümkün deyil. Turnirin adı Çempionlar Liqasıdır. Sonra da başlayırıq, “Qurban Qurbanov filan yerdə səhv etdi”, “Nəriman belə oldu”. Əlbəttə, Nəriman yüksək səviyyəli oyunçu deyil. Amma Qurban Qurbanovun alternativi yox idi. Kimi tapsın? Məcbur idi Nərimanı buraxsın ki, o da rəqibin qüvvələrinə pressinq etsin, topu özündə saxlasın, müdafiənin yükünü azaltsın.Yəqin ki tapşırıq belə olyb. Amma Nəriman bunun öhdəsindən gəlmədi. O, "Qarabağ" , xüsusən Çempionlar Liqası səviyyəsində oyunçu deyil, bunu qəbul etməliyik. Yeni oyunçu tapıb gətirmək lazımdır.Amma gəlmirlər, başa düşürsünüz? Azərbaycan çempionatına oyunçu gətirmək çox çətindir. Bizə elə gəlir ki, dünyanın səviyyəli futbolçuları növbəyə durub ki, gəlib Azərbaycan çempionatında oynasınlar. Elə bir şey yoxdur. Biz uzun müddət Qurban Qurbanovu niyə tənqid edirdik? Şahruddin Məmmədəliyevə görə. Deyirdik ki, səviyyəli qapıçı tap.Amma səviyyəli qapıçı tapmaq olmurdu. Tapdı, Koxalskini gətirdi. Gətirən kimi də Şahruddini ehtiyata oturtdu. İndi Koxalskini "Qarabağ"da saxlamaq mümkün olmayacaq. Çünki əgər bir futbolçuya Dortmund 7 milyon verirsə, o çıxıb Almaniya çempionatına gedəcək. Biz yenə Şahruddinin ümidinə qalacağıq. Yenidən səviyyəli qapıçı axtaracağıq. Bəs tapmaq mümkün olacaq? Yox. Onları Avropanın böyük klubları aparır". Gəlin bir az realist olaq. Azərbaycan futbolunun vəziyyətinə baxaq. Azərbaycan çempionatına baxaq və sonra "Qarabağ"dan nəticə tələb edək, Qurban Qurbanovda səhv axtaraq. Bu anda “Qurban Qurbanov səhv edib” deməyimiz etik çıxmaz. Qurban Qurbanov əlində olan materiallardan istifadə etdi. Əgər Nərimanı oyuna buraxmasaydı, Andradeni meydanda saxlasaydı və biz yenə uduzsaydıq, bu dəfə deyəcəkdik ki, görürdün, oyunçular yorulub, niyə dəyişmirdin? Yenə günahlandıracaqdıq. Qurban Qurbanov görürdü ki, oyunçusu yorulub, hərəkət edə bilmir, ayaqları tutulub, yaş meydançadır, məcbur idi dəyişməyə. Amma əlinin altında o səviyyədə ikinci bir futbolçu olmadığı üçün təbii ki, oyun keyfiyyəti düşdü".