Qurbanov dünən Nərimanı buna görə oyuna salıbmış – Maraqlı səbəb


“Qarabağ”ın “Ayaks”a 2:4 hesabı ilə məğlub olması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Xüsusilə baş məşqçi Qurban Qurbanovun matçın həlledici anında Nəriman Axundzadəni meydanda daxil etməsi hazırda əsas gündəm mövzusudur.

“Qarabağ” ötən gün öndə olmasına baxmayaraq niyə uduzdu? Qurbanov həmin məqamda Nərimanı niyə oyuna saldı? Məğlubiyyətin səbəbləri nələrdir?

Globalinfo.az-a danışan idman jurnalisti Ceyhun Rzayev hər zaman Nərimanı müdafiə etdiyini qeyd edib:

“Həmişə düşünmüşəm ki, ölkə olaraq ona bəzən həddindən artıq sərt yanaşırıq. Amma etiraf etməliyəm ki, dünən oyuna həqiqətən zəif qoşuldu, hərəkətləri koordinasiyalı deyildi və ritmə düşməkdə çətinlik çəkirdi. Bununla belə, problemi yalnız Nərimanın üzərinə yığmaq da düzgün deyil. Kaşukun oyunu nə dərəcədə yaxşı idi? Sonradan daxil olan futbolçular ciddi fərq yaratdı? Sadəcə diqqət həmişə Nərimanın üzərində olduğu üçün ən kiçik səhv belə böyüdülür”.

Qurbanov dünən Nərimanı buna görə oyuna salıbmış – Maraqlı səbəb

C.Rzayev dəyişiklik səbəbini belə izah edib:

“Duranın dəyişdirilməsinə gəldikdə isə, böyük ehtimalla Qurban Qurbanovun bu qərarı texniki heyətin istifadə etdiyi katapult sisteminin məlumatlarına əsaslanıb. Bu cihaz futbolçuların yüklənmə səviyyəsini və yorğunluğunu ölçür. Görünür, həmin anda Duranın göstəricilərində düşüş qeydə alınıb və Qurban Qurbanova onun artıq yorulduğu bildirilib. Məşqçi də hücumu gücləndirmək üçün Nərimanı oyuna salıb”.

Ekspert Natiq Muxtarlı isə bildirib ki, “Ayaks”la oyun Azərbaycan futbolu üçün bir çox reallıqları üzə çıxardı:

“Biz qazanılan 7 xalın yaratdığı eyforiya içində idik və elə düşünürdük ki, “Qarabağ” istənilən komandaya qalib gələ bilər. Əslində, “Qarabağ”ın gücü buna imkan verir, amma şərtlər tam olaraq belə deyil. Dünənki məğlubiyyətin bir çox səbəbləri var. Birinci və ən önəmli səbəb komandanın ənənəvi sisteminin pozulmasıdır. O sistem ki, onun mərkəzində Kadi dayanırdı. Kadi olmadığından Qurban Qurbanov müəyyən dəyişikliklərə getməyə məcbur qaldı və nəticədə bəzi futbolçular öz əsas mövqelərində çıxış etmədilər. Məsələn, Zubirin cinahının dəyişdirilməsi onun effektivliyini xeyli azaltdı. Zubirin mərkəzə çəkilməsi isə cinahda Elvin Cəfərquliyevin təsirini aşağı saldı və s. Əsas sual budur ki, niyə bizdə ikinci Kadi yoxdur? Bu sualın cavabı Azərbaycan futbolunun reallığında gizlənir. Çünki bizim çempionat o qədər zəifdir ki, ikinci Kadi səviyyəsində bir futbolçunu gətirib ehtiyatda saxlamaq mümkün deyil. Bir sözlə, heyət çatışmazlığı mövcuddur”.

Qurbanov dünən Nərimanı buna görə oyuna salıbmış – Maraqlı səbəb

Natiq Muxtarlı onu da qeyd edib ki, bizdə bir oyunçu zədələnəndə onun yerini eyni səviyyədə dolduracaq digər futbolçu tapılmır:

“Ayaks”da isə oyunu gücləndirəcək kifayət qədər futbolçu var. Bir oyunçu yorulan kimi meydana yenisi daxil olur və gələn, çıxandan daha effektiv oynayır. Çempionlar Liqasını “nəhənglərin yarışı” adlandırırlar, amma bu nəhənglərin yalnız bir yox, iki-üç güclü heyəti olur. Hər kəs deyir ki, “Qarabağ” yaxşı hücumçu gətirsin. Maraqlıdır, yaxşı hücumçu gəlmək istəyərmi? Yaxşı hücumçu almağa şansımız varmı? Hansısa Avropa klubu belə futbolçunu bizə verərmi? Heç həmin futbolçu özü də bura gəlməz. Ona görə də məcbur qalırıq ki, potensialı olan, amma hələ özünü tam sübut edə bilməmiş, çoxlarının tanımadığı oyunçuları gətirib inkişaf etdirək. Bunun da uğurlu olub-olmayacağı bəlli deyil. Bu səbəbdən də bu məğlubiyyətə görə həddindən artıq məyus olmağa dəyməz. Əsas odur ki, Azərbaycan komandası Çempionlar Liqasında oynayır və bu, özü böyük prestijdir. Azarkeşləri başa düşürəm, amma reallıq hər şeyi ortaya qoyur. “Qarabağ”la “Ayaks”ın fərqi, həmçinin İspaniya və İtaliya çempionatları ilə Azərbaycan çempionatı arasındakı fərq aydın görünür”.


MANŞET XƏBƏRLƏRİ