Urmiyəni, Sulduzu və Makunu necə uduzduq - Acı sonluğun SƏBƏBLƏRİ


Zaur Bayramlı/ABŞ

İranda parlament seçkilərinin dünən açıqlanan sonuclarına görə Güney Azərbaycanın əsas şəhərlərindən olan Urmiyəni, Sulduzu və Makunu, yəni Batı Azərbaycan bölgəsini kürdlərə uduzmuş durumdayıq.

Batı Azərbaycanda bizim Azərbaycan Türkləri ilə müqayisədə çox azlıqda olmalarına rəğmən kürdlər Urmiyədə 3 millət vəkili yerinin üçünü də, Sulduz və Makuda isə hər birində 1 olan millət vəkili yerlərini qazandılar.

Qeyd edim ki, indiyə qədər həmişə Urmiyədə hər 3 mandat, Sulduz və Makuda isə hər 1 mandat Güney Azərbaycanlı namizədlər tərəfindən qazanılırdı.

Düzdür, 2 gün öncəki seçkilərdə bizim əleyhimizə olan bu tablonun yaranmasında fars-molla rejiminin dəstəyi ilə İranın müxtəlif bölgələrindən kürdlərin Batı Azərbaycana daşınaraq orada səs vermələrinin təmin edilməsinin xeyli rolu olsa da, mən artıq düşmənlərimizi və ya rəqiblərimizi deyil, özümüzü sorğulamağın tərəfdarıyam.

Güney Azərbaycanın kənarda - Amerikada, Avropada, Kanadada, lap elə Türkiyədə və Bakıda yaşayan "başbilənləri" bir-birilərinin ayağının altını qazmaqdan, bir-birilərinin "ətini yeməkdən" başqa bir iş görmürlərsə;

İçəridə bir az əziyyət çəkən kimi bir yolunu tapıb da Avropaya, Amerikaya, Kanadaya və s. qaçan milli fəallar, sayəsində adını çəkdiyim ölkələrə yerləşdikləri davanı - Güney Azərbaycan milli mücadiləsini bir kənara ataraq özlərinin və ailələrinin rifahı üçün çalışırlarsa;

Hər yoldan ötən keyfiyyətsizə sanki Güney Azərbaycan Milli Hərəkatı mənsubuymuş kimi qərb ölkələrinə sğınmaları üçün Güneyi təmsil edən təşkilatlar tərəfindən saxta bəlgələr paylanılırsa;

İçəridə çox sayda fədakar milli-mədəni aktivistlər rejimin zindanlarında çürüyürkən, xaricdəki Güneylilərin əksəriyyəti cəh-cəlal içində yaşayır və bir çoxları da yaşadıqları ölkələrdəki fars qadınları ilə zövqü-səfa sürürlərsə... və s... və s... Vətən qarış-qarış, addım-addım, kənd-kənd, şəhər-şəhər necə itirilməsin???

Sosial medianın gücündən istifadə edilərək, əksər hallarda montaj görüntülərlə Azərbaycan dövləti və xalqı aldadılırsa;

Güneyi təmsil etdiyini iddia edən bəzi media qurumlarında professionallıq və vətənsevərlik deyil də, yerlibazlıq və qohumbazlıq prinsipləri əsas tutularaq orta məktəb təhsili belə olmayan bəzi "itboğuşduranlar" səlahiyyət sahibi yapılırsa;

Bu media qurumları bütöv millətə mənsub media quruluşu kimi yox, şəxsi şirkət kimi idarə edilirsə;

Bir nəfərdən ibarət olan "partiya" və "təşkilatlar"ın elə o bir nəfər olan başqanları özünü dünyanın ən böyük lideri və Güneyin xilaskarı olaraq gözümüzə dürtürsə;

Özünü dünyanın ən nəhəngi olaraq görənlərin "fəaliyyətləri" bilgisayar arxasında nərildəməkdən o tərəfə keçmirsə ... və... və... və... sairə və ilaxır... o zaman

"Əlbir olub bir fars bir kürd ilə,

Ovladılar bir Türkü tədbir ilə"

mənzərəsinin yaranmasına niyə təəccüblənirik ki?!

Xaricdəki bölünmələr, didişmələr, edilən saxtakarlıqlar, çevrilən oyunlar içəridə fədakarcasına mübarizə aparan milli fəalları və bütövlükdə xalqımızı da ruhdan salır.

Çox qısa və açıq şəkildə özətləməli olsam, deyə bilərəm ki, Güney Azərbaycan Milli Hərəkatını xaricdə təmsil edən və ya etdiyini iddia edən camiənin yaratdığı mühit, nə yazıq ki, yumşaq desəm, ürək açıcı deyil. (Detallara varıb, ürək bulandlrmaq istəmirəm).

Formalaşdırılan bu bulanıq atmosfer, Güneydən xaricə sığınan ən sağlam milli fəalı belə özünə uyğunlaşdırır, nə yazıq ki.

Belə olduğu halda dünyadan dəstək gözləmək, tələb etmək, bu dəstək olmayanda isə dünyanı - elə başda Azərbaycanı və Türkiyəni qınamaq nə dərəcədə doğrudur?

Sivil və demokratik dünya heç vaxt bölünmüş, parçalanmış, ən kiçik bir sorunu belə çözə bilməyən bir hərəkata heç vaxt dəstək verməyib, verməyəcək!

Çıxış yolu toparlanıb indiyə qədər edilən mənfiliklərə, oyunbazlıqlara son verib birləşərək, içəriyə - ordakı fədakar millətimizə dəstək verməkdən keçir.

Bunu bacarmırsınızsa, YOL'dan çəkilin, lütfən!

Artıq millət olaraq uduzmaq şansımız və haqqımız qalmayıb!!!


MANŞET XƏBƏRLƏRİ