“Güney Azərbaycanın cəvahiri” adlanan Urmiya gölünün quruması prosesi sürətlənib.
İran hökumətinin gölün qurumasına laqeyd yanaşması Güneydə ciddi narazılığa səbəb olub. Son 1 ayda Güney Azərbaycanın milli fəalları, çevrə aktivistləri Urmiya bölgəsində bir neçə etiraz aksiyası keçiriblər. Ekoloji böhranın dərinləşməsi rəsmiləri də dilə gətirib. Güney Azərbaycanın Marağa şəhərinin İran parlamentindəki nümayəndəsi və Urmu Gölünün Bərpası Qərargahının tədqiqat və nəzarət şurasının üzvü Əli Əlizadə hökuməti problemə biganəlikdə günahlandırıb.
"Urmiya gölünün bərpası üçün heç bir iş görülmür və dövlətin bərpa üçün heç bir planı yoxdur. Gölün bərpası üçün heç bir ciddi iş aparılmır və təxəyyül gücündən istifadə edərək ekoloji problem həll olunmayacaq. Hamı yaxşı bilir ki, milyardlarla kubmetr su əvəzində 300 milyon kubmetr su ilə Urmiya gölünün xilası mümkün deyil",- güneyli millət vəkili bildirib.
Əlizadə Urmiya gölünün bərpası üçün ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyini söyləyib.
O, bildirib ki, hər il suyu 2 milyard kubmetri azalan gölə, hakimiyyətin Kanisib kanalı vasitəsilə 300 milyon kubmetr su buraxması gözdən pərdə asmaqdır. Urmiya gölünün qismən də olsa bərpası mümkündürmü? Göl quruyarsa, bu, hansı iqtisadi, ekoloji, sosial və tibbi problemlərə yol açacaq?
Elm və Təhsil Nazirliyinin akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun Turizm-rekreasiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani gölün quruyacağı təqdirdə ortaya çıxacaq fəsadlardan danışıb:
“Urmiya gölü son 20 ildə 31 milyon kubmetrdən 2.9 milyon kubmetrə qədər düşüb. Bu, böyük bir ekoloji problemdir. Lakin ekoloji problemlə yanaşı bunun sosial-iqtisad fəsadları da var. Məlumata görə Urmiya gölünün ətrafında 3-4 milyon əhali yaşayır. Dəqiq məlumatlara görə, 30-a yaxın kənd də artıq köçürülüb. Urmiya gölünün radiusunun 500 kilometr götürsək orada yaşayan əhalinin sayı 70-75 milyona gəlib çatır.
Gölün quruması həmin bölgə üçün ciddi problemdir. Urmiya gölünün qurumasında həm siyasi, həm ekoloji, həm iqtisadi, antropogen təsirlər var. Bir neçə ssenarilər var ki, alimlər ona əsasən gölün qurumasını araşdırırlar. Qlobal istiləşmə baş verir. Bu şəraitdə temperatur artır. Temperaturun artması, yağıntıların azalması istənilən regiona təsir göstərir. Lakin bir fakt var ki, Urmiya ilə eyni endə yerləşən Türkiyədəki Van gölü var.
Orada da istilik artıb, yağıntılar azalıb. Lakin müəyyən ekstremal illər var. Həmin illərdə yağıntının miqdarı çox düşür. Lakin buna baxmayaraq Urmiya gölünün sahəsi başlayır kəskin azalmağa. Bunun qarşısını da ala bilmirlər. Bu da ərazidə susuzluq və s problemlərin yaranmasına gətirib çıxarır”.
Alim hesab edir ki, göl quruyarsa yaranacaq duz fırtınaları ciddi nəticələr doğura bilər:
“Urmiya gölü həddindən artıq duzlu gölüdür. Onun duzluluğu 28-280 promil arasında dəyişir. Göl quruduqca duzluluğun dərəcəsi, şiddəti daha da çoxalır. Şoranlaşma prosesi daha çox gedir. Gölün quruması nəticəsində həmin duzlar toz halına çevrilir və güclü külək olanda külək onları sovurur, ətraf ərazilərdə kənd təsərrüfatı əkinlərinin üzərinə çökdürür. Kənd təsərrüfatı bitkilərini məhv edir.
Bu da bir iqtisadi problemə gətirib çıxarır. Urmiya gölündə 102 ada var idi. Həmin adaların bəzilərində insanlar da yaşayırdı. Gölə 13 iri və həddən artıq çox xırda çaylar tökülür. Buna baxmayaraq Urmiyanın sahəsi kəskin surətdə azalır. Bu azalmanı da bir neçə amillə əlaqələndirirlər. 11 çayın üzərində 70-ə yaxın su anbarı tikilib. Bu da böyük problemlər yaradır. Çünki su öz axarına kimi gəlib çata bilmir. Bundan başqa ekstensiv suvarmadan istifadə olunur. Çünki əhalinin sayı artıqda suya olan tələbatı artır, əkin sahələri genişlənr.
Müasir dövrdə dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün bir neçə parametrlər var ki, biz onları nəzərə almalıyıq. İqtisadi, sosial, ekoloji parametrlər daha öndə olmalıdır. Kənd təsərrüfatı sahələrinin artması suya olan tələbatı artırır. Suyu Urmiya gölündən götürdüklərinə görə gölün səviyyəsi başlayır azalmağa. Bütün bunlar Urmiya gölü üçün böyük problemlər yaradır”.
Zaur İmrani bildirib ki, YUNESKO-nun “biosfer rezervuarı” adlandırdığı Urmiya gölünü qoruyub saxlamaq ciddi vəzifə kimi qarşıda durmalıdır:
“Urmiya gölü toxunulmaz olmalıdır, orada nəinki su bitki və heyvan aləmi qorunmalıdır. Lakin göl quruyur. Bu qurumanın qarşını almaq üçün müəyyən tədbirlər planı düşünürdülər. BMT 2011-ci ildə 135 milyon ABŞ dolları həcmində vəsait ayırmışdı. 2013-cü ildə isə İran hökuməti işçi qrupu yaratmışdı. İşçi qrupunun əsas məqsədi ondan ibarət idi ki, Urmiya gölü ilə bağlı olan ekoloji, iqtisadi, sosial problemləri araşdırmaq üçün çıxış yollarını qeyd etsinlər. Onların ilk qərarı o oldu ki, çayların üzərində tikilməsi nəzərdə tutulan su anbarlarının inşası dayandırılsın.
Onlar da buna nail oldular. Tikinti dayandırıldı. Gölün səviyyəsi bir qədər özünü tənzimləməyə başlamışdı. Lakin növbəti illərdə gölün səviyyəsi kəskin şəkildə azalmağa başladı. Bütün bunlar Urmiya gölünün nə dərəcədə ölkə üçün, orada yaşayan əhali üçün vacib olduğunu göstərir. Kiçik problem böyüdükcə qlobal problemə çevrilir”.
Urmiya gölünün qismən də olsa bərpa etmək üçün hansı zəruri addımlar atılmalıdır?
Zaur İmrani deyir ki, gölün canlandırılması mümkündür:
“Gölü qismən də olsa bərpa etmək olar. Bunun üçün dövlət tərəfindən konkret və iri bir addım atmaq lazımdır. Su anbarlarının fəaliyyətinin dayandırılması, ekstensiv suvarma sistemindən imtina etmək lazımdır. Ərazidə yaşayan insanlar həddindən artıq su quyuları qazıblar. Onları anlamaq olar, çünki onların suya tələbatı var. Biz həmişə qeyd edirik ki, yeraltı sular ehtiyat su fondudur, onlara toxunmaq olmaz. Lakin əhali su tapmayanda başlayır yeraltı su ehtiyatlarından istifadə etməyə. Son 5 ildə yeraltı sulardan istifadə kəskin hal almışdı. Urmiya gölü ətrafında olna əkin sahələrinin suvarma sisteminin dəyişdirilməsi lazımdır.
Bütün bunlar edilsə, gələcəkdə Urmiya gölünün qismən bərpası mümkündür. Problemin iqtisadi tərəfinə gəlincə, orada olan mineral ehtiyatlardan istifadə ilə kifayətlənmək olmaz. Göldə orada natrium, maqnezium, flor, bəzi məlumatlara görə, uranim kimi qiymətli maddələr var və onları hasil edirər. Lakin həmin bölgə turizm məqsədi ilə istifadə oluna bilər. Əvvəllər Urmiya gölü ilkin vəziyyətində olanda gölətrafı palçıqlar var idi. Həmin palçıqdan dəri və sinir sistemi xəstəliklərinin müalicəsində istifadə olunurdu.
Gölün duzluluğunun çox olması oynaq xəstəliklərinin müalicəsində faydalı idi. Orada gözəl turizm mərkəzləri yaratmaq olar. Bir sözlə problemdən çıxış yolları var. Lakin bu problemin həlli hansısa bələdiyyə səviyyəsində mümkün deyil. Bu problem dövlət səviyyəsində həll edilməlidir”.
Urmiya gölü quruyarsa bunun mənfi təsirlərinə məruz qalacaq bölgə dövlətləri problemin həlli ilə bağlı birgə hərəkət edə bilərmi?
Çoğrafiyaçı alim bildirib ki, hər bir dövlət Urmiya gölünün qarşısına almaq üçün müəyyən addımlar atmalıdır:
“Dövlətlərarası görüşlər keçirilir, danışıqlar aparılır. Ətraf dövlətlərin birgə işçi qrupu yaradılmalıdır. Çünki bu təkcə İran dövlətinin problemi deyil”.
Zaur İmrani bildirib ki, İran hökumətinin süni miqrasiya siyasəti baş tutmayacaq:
“İnsan məskunlaşan ərazidə əlverişli şərait: əkin sahələri, su olmalıdır. Bölgədə su olmayacaqsa, şərait olmayacaqsa insanlar orda necə yaşayacaq? Türk əhalisini köçürüb, başqa etnosu əraziyə gətirmək planı varsa, iflasa uğrayacaq. Lev Qumilyovun etnogenez nəzəriyyəsinin əsası köçlə bağlıdır.
Yəni coğrafi şərait pisləşirsə, insanlar köçüb başqa yerə gedirlər. Hazırki dünyada insanlar daha çox müharibə bölgələrindən köç edirlər. İraqdan, Suriyadan, İrandan, Əfqanıstandan insanlar köç edir. Urmiya gölü ətrafında köçərilər gələ bilər, amma orada dayanıqlı sosial həyat yarana bilməz”.
“Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Urmu gölünü xilas et: ekoloji fəlakət qapıda” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər”.