Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir.
Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan və qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanun layihəsində həmin şəxslərin bir gündən artıq hərbi hissədə və ya xidmət yerində olmaması onların inzibati məsuliyyətinə səbəb olması ilə nəticələnməsi əksini tapıb.
Belə ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Qanuna edilən bu dəyişiklik birmənalı qarşılanmır. Çünki hərbçi hər hansı səbəbdən xidməti yerinə yubana bilər, buna görə cərimlənməsi isə narazılığı artıra, orduya xidmət həvəsini isə azalda bilər.
Bundan başqa, hərbi qulluqçulara cərimə tətbiq edilməsi məsələsinə birmənalı yanaşmaq olmaz. Burada əsas məsələ hərbi intizamı qorumaqla yanaşı, hərbçilərin hüquqlarını və sosial vəziyyətini də nəzərə almaqdır. 200–300 manat bəzi hərbçilər üçün ciddi maddi yük ola bilər. Hərbçinin himayəsində ailə üzvləri varsa, cərimə onların dolanışığına da təsir edə bilər. Vətənə xidmət edən hərbçidən intizam tələb etmək nə qədər doğrudursa, onun hüquqlarını, əməyini və sosial vəziyyətini qorumaq da bir o qədər vacibdir. Dövlət hərbçidən məsuliyyət tələb edirsə, onun qarşılığında layiqli təminat və ədalətli münasibət də göstərməlidir.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik hərbçilərin hüququnun pozulmasına yol aça bilərmi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, bu qanun dəyişikliyi ilə bağlı əsas mübahisəli məsələ hərbi intizamın gücləndirilməsi deyil, hərbi qulluqçunun xidmət yerinə vaxtında qayıtmamasına görə inzibati məsuliyyətin hansı hallarda və hansı meyarlarla tətbiq olunmasıdır: “Burada iki mühüm məqamı fərqləndirmək lazımdır. Hərbi hissəni üzrsüz səbəbdən özbaşına tərk etmək və hərbçinin iradəsindən asılı olmayan səbəblərdən xidmət yerinə gecikməsi. Hüquqi baxımdan bu iki halı eyni qiymətləndirmək düzgün olmazdı. Qanunvericilikdə məsuliyyətin nəzərdə tutulması özlüyündə hərbçinin hüquqlarının pozulması demək deyil. Lakin məsuliyyətin tətbiqi zamanı üzrlü səbəblərin, hadisənin konkret şəraitinin və hərbçinin təqsirinin obyektiv araşdırılması təmin edilməzsə, hüquq pozuntusu riski yarana bilər.
Təsəvvür edək ki, hərbi qulluqçu məzuniyyətdən qayıdarkən nəqliyyat problemi ilə üzləşir, yolda qəza baş verir, səhhətində problem yaranır və ya ailəsində təcili hadisə baş verir. Belə vəziyyətlərdə hərbçinin xidmət yerinə vaxtında qayıda bilməməsi onun intizamsızlığı kimi qiymətləndirilməməlidir. Məcəllləyə dəyişiklikdə üzrlü səbəblər istisna edilsə də, həmin səbəblərin hansı meyarlarla müəyyənləşdiriləcəyi və onların sübut edilməsi qaydası mühüm əhəmiyyət daşıyır. Əks halda, komandir və ya müvafiq səlahiyyətli qurumun subyektiv yanaşması ilə hərbi qulluqçuya qarşı inzibati icraat başlana bilər.
Hərbi qulluqçunun xidmət yerinə gecikməsinin səbəbləri hərtərəfli araşdırılmalıdır. Xəstəlik, nəqliyyatın dayanması, fövqəladə ailə vəziyyəti və digər obyektiv hallar üzrlü səbəb kimi nəzərə alınmalıdır. Bu, qanunda aydın şəkildə qeyd edilsə daha məqsədəuyğun olar. Hərbçiyə özünü müdafiə etmək, sübut və izahat təqdim etmək imkanı yaradılmalıdır. İnzibati həbs yalnız qanunla müəyyən edilmiş qaydada, məhkəmənin qərarı ilə tətbiq edilməlidir. Cərimə və həbs seçilərkən pozuntunun xarakteri, təqsirin dərəcəsi və digər hallar nəzərə alınmalıdır. Qeyd edim ki, yeni dəyişiklikdə hərbi prokuror nəzarətinin gücləndirilməsi də nəzərdə tutulur. İnzibati xəta ilə bağlı qərarların və protokolların hərbi prokurora göndərilməsi, müəyyən hallarda qərarların qanuniliyinin yoxlanılması təklif olunur. Bu, hüquqi nəzarət baxımından əhəmiyyətli mexanizmdir».