Sabahdan bu kreditlərlə bağlı YENİ QAYDALAR GƏLİR


Azərbaycanda onlayn kredit götürənlər üçün yeni qaydalar sabahdan qüvvəyə minir. Vətəndaşlar artıq öz adlarına kredit rəsmiləşdirilməsini əvvəlcədən bloklaya biləcəklər.

Turkustan.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənən yeni tələblər 1 oktyabr 2026-cı ildən qüvvəyə minir.

Yeni qaydalara əsasən, müştərinin yazılı müraciəti əsasında bank onun adına distant qaydada istehlak kreditinin rəsmiləşdirilməsinə və ya mövcud kredit limitinin artırılmasına tam məhdudiyyət tətbiq etməlidir.

Bu məhdudiyyət bankın bütün satış platformalarında qüvvədə olacaq. Vətəndaş tətbiq etdiyi qadağanı yalnız banka şəxsən müraciət etməklə, gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə yazılı ərizə təqdim edərək ləğv edə biləcək.

Kredit verilməzdən əvvəl bank borcalanın adına belə məhdudiyyətin olub-olmadığını həm daxili sistemləri, həm də Kredit Bürosunun bazası üzərindən yoxlamalı olacaq.

Onlayn kredit götürülməsini bloklayan şəxsin adına distant qaydada yeni kredit rəsmiləşdirilməsi və ya kredit limitinin artırılması mümkün olmayacaq. Belə şəxsin adından məsafədən kredit müraciəti edilərsə, bank bu barədə müştəriyə dərhal mobil tətbiq və ya SMS vasitəsilə məlumat göndərməlidir.

Bundan başqa, distant qaydada rəsmiləşdirilən kreditlər üzrə vəsaitin ödənilməsi üçün gözləmə müddəti tətbiq ediləcək. Minimum əməkhaqqının iki mislinədək olan kreditlər müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən 2 saat sonra, bu həddən yuxarı kreditlər isə 24 saat sonra ödəniləcək.

Yeni tələblər banklarla yanaşı, bank olmayan kredit təşkilatlarına da şamil ediləcək.

/Operativ Media


MANŞET XƏBƏRLƏRİ