ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi


ABŞ administrasiyası Kubaya səyahət və maliyyə əməliyyatları ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib.

Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasına görə, yeni qaydalar Kubada müəyyən peşəkar görüşlər və konfransların keçirilməsini və onlarda iştirakını da məhdudlaşdırır.

ABŞ yurisdiksiyasına tabe olan şəxslərə Kubada peşəkar görüş və ya konfrans keçirmək, yaxud belə tədbirlərdə iştirak etmək qadağan edilib.

Bundan başqa, Kubaya təhsil məqsədilə səfərlərlə bağlı da yeni tələblər müəyyənləşdirilib. ABŞ-da akkreditə olunmuş bakalavr və ya magistratura təhsil müəssisələri, onların tələbələri və müəyyən təhsil fəaliyyətlərini həyata keçirən tam ştatlı daimi əməkdaşlar istisna olmaqla, belə səfərlər ABŞ yurisdiksiyasına tabe olan təşkilatın himayəsi altında həyata keçirilməlidir.

Yeni qaydalara əsasən, demək olar ki, bütün təhsil məqsədli səyahətçilər sponsor təşkilatın nümayəndəsi ilə birlikdə səfər etməlidirlər.

ABŞ administrasiyası, həmçinin Kubanın özəl sektoruna qarşı bank məhdudiyyətlərini genişləndirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ