Səs yazısı yayılan həkimdən İDDİALARA CAVAB


Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanov barəsində sosial şəbəkələrdə və mediada yayılan, icbari tibbi sığorta çərçivəsində müayinə üçün ödəniş tələb edildiyi iddia olunan səs yazısına münasibət bildirib.

Turkustan.az xəbər verir ki, iddiaları qəti şəkildə təkzib edən həkim ictimaiyyətə və media qurumlarına müraciət edərək materialın saxta olduğunu bəyan edib.

E.İmanov 30 ildən artıqdır uşaq kardioloqu kimi fəaliyyət göstərdiyini və yayılan iddianın absurd olduğunu vurğulayıb:

"Bu gün texnologiyanın imkanları ilə istənilən insanın səsini təqlid etmək, səs yazısını montaj etmək və saxta material hazırlamaq mümkündür. Üstəlik, yayılan səs mənim səsimə belə tam uyğun gəlmir. Heç bir texniki ekspertiza aparılmadan, sübut təqdim olunmadan və mənim mövqeyim öyrənilmədən bu materialın tirajlanması peşəkarlıq və etikadan kənardır. Bu, mənim nüfuzuma yönəlmiş məqsədli şər kampaniyasıdır".

Məslənin hüquqi müstəviyə daşınacağını bildirən kardioloq səs yazısının ekspertizaya təqdim edilməsi, materialı ilk hazırlayan və yoxlamadan yayan şəxslərin müəyyənləşdirilərək hüquqi məsuliyyətə cəlb olunması üçün bütün zəruri addımları atacağını qeyd edib:

"Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur - anonim səs yazısı, sensasiyalı başlıq və sosial şəbəkə hökmü ilə yox. Susmağım zəiflik deyil, qanuna və həkim adına hörmətimdən irəli gəlir".

Qeyd edək ki, mediada Sumqayıt Tibb Mərkəzində çalışan kardioloq Elnur İmanovun exokardioqrafiya müayinəsi üçün pasiyentdən 10 manat tələb etdiyi iddia olunan audioyazı yayılıb, məsələdən Mərkəzin direktor əvəzi Təranə Rəcəblinin də xəbərdar olduğu iddia edilir./Bakıvaxtı.az


MANŞET XƏBƏRLƏRİ