Gürcüstanda yaşayan azərbaycanlıların sayı açıqlandı - RƏSMİ


Gürcüstanda daimi yaşayan xarici ölkə vətəndaşları arasında 8 300 nəfər, etnik mənsubiyyətinə görə isə ümumi əhalinin 6,8%-ni təşkil edən 269 min nəfər azərbaycanlı var.

Turkustan.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin direktoru Qoqita Todradze 2024-cü ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrini təqdim edərkən bildirib.

Hesabata əsasən, ölkədə etnik gürcülərdən (84,1% / 3,304 milyon nəfər) sonra ən böyük etnik azlığı məhz azərbaycanlılar təşkil edir. Üçüncü yerdə isə 4,3%-lik payla ermənilər qərarlaşıb.

Q.Todradzenin sözlərinə görə, ölkə əhalisinin 96,1%-ni (3,775 milyon nəfər) Gürcüstan vətəndaşları təşkil edir ki, onların da 8 865 nəfəri ikili vətəndaşlığa sahibdir. Son 10 ildə yerli vətəndaşların sayı 2,5% artıb.

Xarici ölkə vətəndaşlarının payı isə 3,4% (134 min nəfər) təşkil edir. Onların arasında Rusiya vətəndaşları (37 700 nəfər) üstünlük təşkil edir. Növbəti yerlərdə isə Hindistan (23 900), Ukrayna (11 500), Azərbaycan (8 300) və Ermənistan (5 400) vətəndaşları gəlir.

Siyahıyaalınma ölkədə urbanizasiya səviyyəsinin yüksək olduğunu üzə çıxarıb. Belə ki, əhalinin 62%-i şəhərlərdə, 38%-i isə kəndlərdə yaşayır.

Paytaxt əhalisi 2014-cü illə müqayisədə 20% (223 min nəfər) artaraq 1,331 milyon nəfərə çatıb. Hazırda ölkə əhalisinin 34%-i Tbilisidə cəmləşib.

Ən kəskin artım isə Batumidə qeydə alınıb. Əhali sayı 54% artaraq 153 mindən 236 min nəfərə yüksəlib./modern.az


MANŞET XƏBƏRLƏRİ