“İstedadlar Akademiyası” layihəsi çərçivəsində rəqs üzrə ustad dərsi keçirilib


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “İstedadlar Akademiyası” layihəsi çərçivəsində növbəti ustad dərsi uğurla təşkil olunub.

Tədbiri giriş sözü ilə açan “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin sədri, layihə rəhbəri Vüsalə Sadıqova (Qələndərli) layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. O, istedadlı gənclərin aşkar olunması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və cəmiyyətə tanıdılması istiqamətində həyata keçirilən fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.

Daha sonra İctimai Birliyin sədr müavini Nərgül Quliyeva və tanınmış şairə Esmira Günəş çıxış edərək rəqs və musiqinin milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını qeyd edib, iştirakçılara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar.

Ustad dərsi tanınmış xoreoqraf, “Azərbaycan milli rəqsləri” kitabının müəllifi Amil Əhmədov tərəfindən keçirilib. Nəzəri və praktiki hissələrdən ibarət olan dərs zamanı iştirakçılara Azərbaycan milli rəqslərinin özünəməxsus xüsusiyyətləri, ifa texnikası və səhnə mədəniyyəti barədə ətraflı məlumat verilib. Bununla yanaşı, müxtəlif xalqların rəqs ənənələri və rəqs hərəkətlərinin xüsusiyyətləri də peşəkar şəkildə təqdim olunub.

İştirakçıların böyük maraq və fəallıq göstərdiyi ustad dərsi milli rəqs sənətimizin təbliği, qorunması və gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyət daşıyıb. Tədbir sual-cavab sessiyası və rəqs hərəkətlərinin birgə nümayişi ilə interaktiv formada davam edib.

Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.


MANŞET XƏBƏRLƏRİ