“Onlar ciddi şəkildə cəzalandırılmalıdır!” - SƏRT AÇIQLAMA


Son günlər sosial mediada söyüş, təhqir və aşağılayıcı ifadələrin artması artıq fərdi deyil, kütləvi tendensiya kimi diqqət çəkir. Xüsusilə tanınmış simalar arasında baş verən qarşılıqlı ittihamlar, canlı yayımlarda səsləndirilən ağır ifadələr və bunun ətrafında qurulan “reytinq savaşları” cəmiyyətin dəyərlər sistemini ciddi şəkildə sual altına alır. Halbuki qanunvericilikdə sosial şəbəkələrdə açıq təhqir və hörmətsizlik hallarına görə məsuliyyət nəzərdə tutulub.

Bəs nə baş verir? Niyə cəmiyyət virtual məkanda etik sərhədləri bu qədər asanlıqla aşır? Söyüş və təhqir doğrudanmı spontan emosiyaların nəticəsidir, yoxsa diqqət və populyarlıq uğrunda aparılan planlı strategiyanın bir hissəsi?

Mövzu ilə bağlı media eksperti Azər Həsrət Musavat.com-a danışıb.

HESRET.jpg (90 KB)

O qeyd edib ki, bu halların baş verməsinin hamısını eyni dərəcədə qiymətləndirmək doğru deyil:

“Burada müxtəlif səbəblər və müxtəlif kateqoriyalar var. Bir tərəfdən açıq-aşkar məlumatsızlıq mövcuddur. Xüsusilə müəyyən bir kəsim elə hesab edir ki, ekran arxasında onu heç kim görmür, heç kim ona heç nə edə bilməz. Elə düşünür ki, sosial şəbəkə anonim bir məkandır və orada dediyi sözün real nəticəsi yoxdur. Ona görə də öz tərbiyəsizliyini açıq şəkildə ifadə edir. Halbuki anlamır ki, yazdığı hər söz iz buraxır, paylaşdığı hər fikir ictimai müstəviyə çıxır”.

Azər Həsrət özü də bu cür hallarla qarşılaşdığını deyib:

“Belə insanlar şəxsən mənim də qarşıma çıxıblar. Əvvəlcə sərt, aqressiv, hətta təhqiramiz şəkildə yazıblar, sonra isə anlayanda ki, məsələ ciddidir, başlayıblar üzr istəməyə, yalvarmağa, peşmanlıq hissi keçirməyə. Mən onlara izah etmişəm ki, əgər biz iki nəfər arasında, qapalı məkanda mübahisə etsəydik və sən mənə nəsə desəydin, bəlkə də bunu yalnız ikimiz biləcəkdik. Mən də sənə uyğun cavab verəcəkdim və məsələ elə oradaca qalacaqdı. Amma sən bunu ekran arxasından, açıq efirdə, minlərlə, hətta milyonlarla insanın görə biləcəyi bir platformada etmisən. Bunun artıq şəxsi yox, ictimai məsuliyyəti var. Bu kateqoriya daha çox bilmədən, nəticəsini dərk etmədən hərəkət edənlərdir.

Başqa bir qisim isə var ki, onlar məsələyə tam şüurlu yanaşırlar. Onlar reytinq dalınca qaçırlar, populyarlaşmaq istəyirlər, diqqət mərkəzində olmaq üçün istənilən üsula əl atırlar. Özlərini daha uyğun, daha ədəbli, daha savadlı şəkildə ifadə etmək imkanları olmadığına görə əxlaqsız və tərbiyəsiz formada çıxış edərək diqqət qazanmağa çalışırlar. Bilirlər ki, qalmaqal baxış gətirir, təhqir müzakirə yaradır, söyüş “trend” olur. Ona görə də səviyyəni aşağı salmaq onlar üçün vasitəyə çevrilir. Bu da ayrıca bir kateqoriyadır.

Digər bir qrup isə doğrudan da çox səviyyəsiz insanlardır. Hesab edirlər ki, onların səviyyəsizliyi üstünlükdür. Özlərini hamıdan ağıllı, hamıdan doğru hesab edirlər. Düşünürlər ki, yalnız onların fikri həqiqətdir və hamı da məhz onların baxış bucağından düşünməlidir. Öz kobudluqlarını “cəsarət”, öz tərbiyəsizliklərini isə “açıqsözlülük” kimi təqdim etməyə çalışırlar. Əslində isə bu, elementar mədəniyyət və davranış çatışmazlığıdır.

Bir də ən təhlükəli kateqoriya var. Onlar hesab edirlər ki, mütləq hər kəs onların düşündüyü kimi düşünməli, onların istədiyi kimi davranmalıdır. Məsələn, sən sosial şəbəkədə hansısa fikir yazırsan, paylaşım edirsən və ya özünü fərqli şəkildə ifadə edirsən, dərhal biri çıxıb deyir ki, sən belə etməməlisən. Sanki biz hər hansı addımı atanda onlardan icazə almalıyıq. Sanki sosial media istifadəçisi olmaq kiminsə şəxsi nəzarətinə tabe olmaq deməkdir. Bu isə artıq fərdi sərhədlərin pozulmasıdır.

Burada çox vacib bir məqam da var: sosial media dostluğu real həyat dostluğu demək deyil. Biz sosial şəbəkədə kimləsə dostlaşanda onu ailəmizin içinə buraxmırıq. O, bizim hər gün görüşdüyümüz, çörək kəsdiyimiz insan deyil. Ola bilər ki, heç vaxt real həyatda qarşılaşmayaq. Amma buna baxmayaraq, bəziləri özlərinə haqq verir ki, sənin şəxsi həyatına müdaxilə etsin, ailə məsələlərinə qarışsın, seçimlərinə qiymət versin. Belə insanlara izah olunmalıdır ki, sosial media dostluğu sənin sərhədlərini ləğv etmir. Hər kəs həddini bilməlidir”.

Azər Həsrətin fikrincə, bu məsələdə əsas çıxış yolu maarifləndirmədir:

“İnsanlara izah etmək lazımdır. Xüsusilə orta məktəblərdə, aşağı siniflərdən başlayaraq onlayn davranış qaydaları öyrədilməlidir. Uşaqlara təkcə texnologiyadan istifadə etməyi yox, həm də etik davranışı, rəqəmsal mədəniyyəti aşılamaq lazımdır. Onlara başa salınmalıdır ki, hər mövzuya müdaxilə etmək məcburiyyətində deyillər, hər fikirə aqressiya ilə cavab vermək “aktivlik” deyil, hər paylaşım hücum üçün fürsət deyil. Maarifləndirmə bilmədən bu cür davrananlar üçün əsas vasitədir. Lakin bilərəkdən, şüurlu şəkildə təhqir və söyüş kampaniyası aparan, bunu qazanc və ya reytinq alətinə çevirən kateqoriyalara qarşı isə əlbəttə ki, sərt cəzalar tətbiq olunmalıdır. Qanun işləməlidir ki, hər kəs sözün məsuliyyətini anlasın və dünyanın neçə bucaq olduğunu dərk etsin”.


MANŞET XƏBƏRLƏRİ