Ukraynanı Rusiyaya qarşı mübarizədə dəstəkləyən 30-dan çox ölkədən ibarət “Könüllülər Koalisiyası” sabah Parisdə sülhün təmin olunması məsələsini müzakirə edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jean-Noel Barrot Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Şurası toplantısı ərəfəsində jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın iqtisadiyyatı zəifləyir və Avropa İttifaqı Moskvaya təzyiqi artırmaq niyyətindədir. Onun sözlərinə görə, təzyiq mexanizmləri sırasında “kölgə donanması” adlandırılan gəmilərə qarşı tədbirlər də yer alır.
Barrot əlavə edib ki, Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketini hazırlayıb və sənədin mümkün qədər tez qəbul olunması üçün üzv dövlətlərin fəal mövqe nümayiş etdirməsi vacibdir.
Nazirin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Macron Ukraynanı dəstəkləyən 30-dan çox ölkənin daxil olduğu “Könüllülər Koalisiyası”nı sabah Parisə dəvət edib. Görüşdə mümkün sülh sazişindən sonra Ukraynada təhlükəsizliyin təmin olunması istiqamətində atılacaq addımlar müzakirə ediləcək.