Almaniyanın xarici işlər naziri Yohan Vadeful vurğulayıb ki, Avropa, xüsusən də Almaniya Ukraynanın yanında olacaq və Putinin buna şübhəsi olmamalıdır.
Turkustan.az xəbər verir ki, o, bunu bazar ertəsi günü Aİ həmkarları ilə görüşdən əvvəl bildirib.
Onun sözlərinə görə, Almaniyanın mövqeyi aydındır: “Biz indi gücümüzü nümayiş etdirməli, Ukraynaya ardıcıl dəstək göstərməli və ötən il olduğu kimi Rusiyaya təzyiqi artırmalıyıq”.
Vadeful qeyd edib ki, Almaniya hər zaman Ukraynanın yalnız öz suverenliyini deyil, eyni zamanda Avropada azadlığı müdafiə etdiyi mövqeyində dayanıb. O vurğulayıb ki, mübarizə təkcə cəbhə xəttində deyil, həm Ukrayna şəhərlərində, həm də bütövlükdə Avropada gedir. Nazir əmin edib ki, Almaniya Ukraynanın müdafiəsində etibarlı tərəfdaş olaraq qalacaq.
Diplomat əlavə edib ki, Ukraynaya təkcə hərbi sahədə deyil, həm də enerji infrastrukturunun gücləndirilməsi istiqamətində dəstək verilməsi vacibdir.
Almaniya XİN rəhbəri, həmçinin Macarıstanın Rusiyaya qarşı növbəti Aİ sanksiyalar paketini bloklamaq mövqeyinə təəccüb etdiyini bildirib. O qeyd edib ki, macar həmkarları ilə müzakirələr aparmağı planlaşdırır və bu danışıqlarda Macarıstanın mövqeyini dəyişəcəyinə ümid edir.
Aytən Yaşar/ Turkustan.az