Səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya yerləşdirilən təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayılın son durumu açıqlanıb.
İ.İsmayılın bacısı Bəsti İsmayıl “Yeni Sabah”a açıqlamasında deyib ki, qardaşının həyatı üçün təhülkə yoxdur:
“Qardaşımın müalicəsi hazırda davam edir. Elə indicə İlham İsmayılın həkimi ilə danışdım. Dedi ki, qorxulu bir şey yoxdur, 12 barmaq bağırsağında xora var. Bu da müalicə edilib keçən şeydir”.
Qeyd edək ki, İ.İsmayıl yanvarın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.
Xatırladaq ki, İ.İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib.
1982-1996-cı illərdə SSRİ DTK və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi, MTN Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi olub. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib.
1995-ci ildə MTN sistemindən istefa verərək ictimai-siyasi fəaliyyətlə məşğul olub.