Dekabrın 9-dan 10-na keçən gecə Yer kürəsində güclü maqnit qasırğası gözlənilir. Meteohəssas insanların bu prosesdən qorunması ilə bağlı tövsiyələr nələrdir?
Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, Yer kürəsində həyatı təmin edən ən mühüm amil atmosferdir:
“Atmosfer bizi həm kosmik radiasiyadan qoruyur, həm də temperaturun stabilliyini təmin edir. Məsələn, Ayda atmosfer olmadığına görə gündüz temperatur yüz dərəcədən yuxarı, gecə isə -170 dərəcəyə qədər düşür. Yəni kosmos çox soyuqdur və Yer kürəsində həyat üçün zəruri olan optimal temperaturu saxlayan məhz atmosferdir. Bu baxımdan nə qədər güclü qasırğalar olsa da, Yer atmosferi onların qarşısını müəyyən dərəcədə ala bilir. Bununla belə, qasırğalar Yerə çatır və canlılara təsirsiz ötüşmür”.

Mütəxəssisin sözlərinə görə, insanların maqnit qasırğalarından qorunması üçün kifayət qədər imkanlar var:
“Ən azı evdə sakit şəraitdə qalmaq, həkimlə məsləhətləşərək zəruri tədbirlər görmək olar. Təzyiq, şəkər xəstəliyi və meteohəssaslığı olan şəxslərin əvvəlcədən tədbir görməsi məsləhətdir. Onlar maqnit qasırğası baş verdiyi dövrdə vəziyyətlərini nəzarətdə saxlamalıdırlar. Yaxşı olar ki, meteohəssas insanlar vacib işləri olmadıqda çölə çıxmasın, ev şəraitində qalsınlar. Bu, dövri prosesdir, Günəşdə hər zaman termonüvə reaksiyaları gedir və onların bəziləri çox güclü olur. Yer kürəsi mövcudluğu boyunca belə proseslərlə qarşılaşıb və həyat bu fon üzərində yaranaraq inkişaf edib”.