Emil Tağıyev Qubadlıdan yazır…


Emil Tağıyev
YAP Xaçmaz rayon təşkilatının sədr müavini

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə Konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur.

Xaricdə yaşayan ermənilərin pulu ilə Qubadlı rayonunun Xanlıq kəndində başqa ölkələrdən gələn ermənilər üçün qəsəbə salınmışdı. Ermənistanın işğalı nəticəsində Qubadlı rayonundan 29997 nəfər keçmiş məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Keçmiş işğal dövründə Qubadlı rayonunda 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır.

25 oktyabr tarixi 44 günlük Vətən müharibəsinin gedişında əhəmiyyətli dönüş nöqtəsi oldu. Bu baxımdan ki, Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, strateji yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri nəzarətə götürüldü. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən təmizlədi. Azərbaycan Ordusunun Qubadlı şəhərini, rayonun kəndlərini işğaldan tam azad etməsi nəticəsində Laçın və Şuşaya yol açıldı.Qələbədən danışarkən, ilk növbədə, şəhidlərimizin xatirəsini yad etməliyik. Şəhidlərimiz qəlbimizdə əbədi yaşayacaq.

Azərbaycan xalqı, indiki nəsil və gələcək nəsillər həmişə qəhrəman şəhidlərimizlə fəxr edəcək. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcək. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu.


MANŞET XƏBƏRLƏRİ