14 oktyabrda Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetində “Müasir elm və təhsilin aktual məsələləri: problemlər, vəzifələr və həll yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda onlayn şəkildə iştirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərli “Elm və təhsilin yeniləşməsi prosesində milli-mənəvi dəyərlərin əhəmiyyəti” mövzusunda məruzə edib.
O bildirib ki, Azərbaycan müstəqillik dönəmində elm və təhsil sahəsində bir sıra reformalar-islahatlar həyata keçirsə də, hələ də bəzi problemlərlə üz-üzədir: “Özəlliklə, müəllim-tələbə, alim-magistr, alim-doktrant arasında ziddiyyətlər özünü daha çox büruzə verir. Bu, o anlama gəlir ki, yalnız yeni qanunlarla, reformalarla elm və təhsildə ciddi dönüşün baş verməsini gözləmək doğru deyil. Bunu milli-mənəvi dəyərlərin çərçivəsində həyata keçirmək lazımdır”.
F.Ələkbərli qeyd edib ki, təhsil milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin yaşadılmasında ən vacib vasitələrdən biri, bəlkə də birincisidir. Bu baxımdan Türk xalqlarında da təhsil milli şüurun, milli-mənəvi dəyərlərin formalaşmasında bazis rolunda çıxış etməlidir: “Əgər bir millətin təhsil bazisi yetərli deyilsə, yaxud da təhsil bazisində kifayət qədər bir-birinə zidd bilgilər varsa, o zaman üstqurum olan milli şüurun formalaşması prosesində problemlər olacaq. Başqa sözlə, təhsili problemli olan bir cəmiyyətin milli şüur səviyyəsinin normal səviyyədə olması mümkün deyil”.