"2025-ci ildə imzalanmış çərçivə sülh sazişinin müddəalarının icrası istiqamətində ehtiyatlı və mərhələli addımlar atılacaq. Bu isə tərəflər arasında yeni müharibə riskini azaldacaq".
Turkustan.az xəbər verir ki, bu barədə "Stratfor" analitik mərkəzi hesabat yayıb.
Mərkəzin qiymətləndirməsinə əsasən, iki ölkə arasında ticarət əlaqələrinin tənzimlənməsi məhdud və nəzarətli formatda inkişaf edəcək. Tərəflər geniş iqtisadi inteqrasiyadan çox, qarşılıqlı etimadın formalaşdırılması məqsədilə seçici ticarət mexanizmlərinə üstünlük verəcək.
Ermənistanın daxili siyasi gündəmində baş nazir Nikol Paşinyan 2026-cı ildə artan ictimai narazılıqla üzləşəcək. Bu narazılıq əsasən Azərbaycanın xeyrinə güzəştlər iddiaları və Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasındakı gərgin münasibətlərlə bağlı olacaq. Analitiklərin fikrincə, Paşinyan konstitusiya dəyişiklikləri ilə bağlı referendumu iyun seçkilərindən sonraya saxlayacaq. Onun yenidən seçilməməsi sülh sazişinin taleyini qeyri-müəyyən edə bilər.
Lakin Paşinyan hakimiyyətdə qalacağı təqdirdə, ABŞ və Azərbaycanla imzalanmış birgə bəyannamənin əsas elementi olan TRIPP - yəni Tramp marşrutunun icrasını prioritet elan edəcəyi gözlənilir.
Proqnoza görə, Azərbaycan paralel şəkildə İran ərazisindən keçən Araz dəhlizinin öz hissəsinin tikintisini tamamlayacaq, eyni zamanda TRIPP-i strateji rıçaq kimi saxlayacaq. Bu yanaşma Ermənistanın əməkdaşlıqdan imtina edəcəyi halda, onun regional inteqrasiyadan kənarda saxlanılmasına alternativ imkan yaradır.
Proqnoza əsasən, Rusiya TRIPP-in inkişafına mane olmağa çalışacaq, lakin regionda mövqelərinin zəifləməsi Moskvanın həm Bakı, həm də İrəvanın Qərbə yönəlməsini ciddi şəkildə əngəlləmək imkanlarını məhdudlaşdırır. /Musavat.com/