İsrailin İranla başlatdığı müharibənin əsas fazasının sona çatdığını deyə bilərik. Rəsmi Təl-Əviv münaqişənin ilk saatlarından İranla müharibəni 14 günə bitirəcəyini bildirsə də, bu, daha tez - iki gün əvvəl bitdi.
Maraqlısı burasındadır ki, müharibə tərəflərindən heç biri məğlubiyyəti özünə yaxın buraxmaq barədə düşünmür. Amma 12 gün davam edən dron, raket savaşında hər iki tərəfin mərkəzi şəhərləri və əhəmiyyətli obyektləri dağıdıldı, kifayət qədər insan itkisi qeydə alındı.
İsrail tərəfi hava zərbələri nəticəsində İranın uranı zənginləşdirmək imkanlarını yox etdiyini, Vaşinqton və Təl-Əviv məqsədlərinə nail olduqlarını elan etməkdədirlər. İran isə İsrailə və ABŞ-yə layiqli cavab verdiyini qeyd edir.
Hər iki tərəf özünü qalib adlandırır
Aydın məsələdir ki, İranla İsrail arasındakı əlaqələrdə müharibə ritorikası yeni olmasa da, baş verən toqquşma elə Ukraynadakı müharibənin yaratdığı geosiyasi təsirlərin bir hissəsi idi. Etiraf etmək lazımdır ki, İran ABŞ və İsrail qarşısında dirəniş nümayiş etdirdi. Lakin bu fakt konkret olaraq hansı tərəfin qalib gəldiyini düşünmək üçün kifayət deyil.
Reallıq isə ondan ibarətdir ki, hər iki tərəf qazandığını iddia etdiyi kimi, elə itirdi də.
Bu zamana kimi hərbi imkanları, hərbi gücü barədə İranın formalaşdırdığı görüntünün mif olduğu üzə çıxdı, rəsmi Tehranın hərb meydanında düşmənləri qarşısında qeyd edildiyi qədər güclü olmadığını gördük, cənub qonşumuzun toxunulmazlıqla bağlı yaratdığı təsəvvürlər alt-üst oldu.
Bununla belə, ABŞ-İsrail cəbhəsinin İran rejimini tam təslim edə bilmədiyi sirr deyil. Necə ki adıçəkilən güc mərkəzlərinin İranın nüvə potensialını tam məhv etdikləri mübahisəli məsələ olaraq dünya gündəmini zəbt edib, onların rejimi dəyişdirmək planlarının da həyata keçdiyini düşünmək absurddur.
Əslində, İsrail-ABŞ cütlüyü ilə İran arasında baş verən qısamüddətli müharibədə atəşkəs elanı bu qüvvələr arasında müharibənin bundan sonra baş verməyəcəyi anlamına da gəlmir.
Yaxın Şərqdəki bu hərbi qarşıdurma bir detalı xüsusilə ön plana çıxardı. Təl-Əvivlə Tehran arasındakı hərbi eskalasiya və ondan üç il əvvəl başlayıb, hələ də davam edən Rusiya-Ukrayna müharibəsi diqqətləri 44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycan faktoruna cəmləyir.
Qeyd edildiyi kimi, Azərbaycanın haqq savaşı - İkinci Qarabağ müharibəsi 30 illik işğala son qoymağımızla nəticələnsə də, məhz bundan sonra dünyada köhnə, lakin mütəmadi baş qaldıran savaş ocaqlarının bir nəticəyə varmadığı diqqətçəkən məqamdır. Həm Rusiya-Ukrayna savaşının bu günə kimi konkret olaraq hansısa tərəfin qələbəsi ilə yekunlaşmasından, həm də dünəndən etibarən aralarında atəşkəs elan edilən İsrail-İran müharibəsinin qalibinin kimliyindən danışmaq mümkün deyil. Bu xüsusda Prezident İlham Əliyevin Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı etdiyi "İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb" açıqlaması bir daha təsdiqini tapır.
Müharibənin qalibini müəyyən edən detal
44 günlük Vətən müharibəsində Azərbaycan qarşıya öz torpaqlarını azad etmək məqsədi qoymuşdu. Müharibənin qalibini müəyyən edən faktor məqsədə çatmaqdır, Azərbaycan da bunu 44 günə reallaşdırdı, məqsədinə nail oldu.
Bəs bunu Rusiya-Ukrayna, İsrail-İran münaqişə tərəfləri barədə demək olarmı? Nəticələr tam fərqli düşünməyə vadar edir. Baxmayaraq ki, istər Rusiya-Ukrayna, istərsə də İsrail-İran müharibəsində münaqişə tərəfləri özlərini qalib kimi təqdim etmək üçün məhv edilən hərbi obyektlər, infrastruktur və şəxsi heyətin statistikasını qabardırlar. Heç də bu göstəricilər müharibənin qalibinin kim olduğunu elan etmək üçün əsas hesab edilməməlidir.
Sadə misal: Bu gün heç kəs deyə bilməz ki, "İkinci Qarabağ müharibəsində Ermənistan Gəncə və Bərdəni raketlə vurdu, ona görə qalibdir". Bunu deyəni tək Azərbaycanda yox, bütün dünyada "dəli" adlandıra bilərlər, hətta ermənilər özləri belə! Çünki bu müharibədə Azərbaycan Qarabağı azad etməklə 30 illik işğala son qoymağı bacardı, ərazi bütövlüyünü təmin etdi. Bu savaş zamanı minlərlə əsgərimiz şəhid olsa da, böyük ölçüdə infrastruktur zədələnsə də, məqsədə çatan tərəf Azərbaycan oldu, bütün dünya Azərbaycanı qalib ölkə kimi tanıdı və qəbul etdi.
Bu gün Azərbaycan-Ermənistan münasibətlərindəki sülh gündəliyində rəsmi Bakının istəyi çərçivəsində baş verən sürətli dəyişikliklər yeni regional reallıqlarla tutuşdurularkən də Prezidentin sözlərinin nə qədər reallığı əks etdirdiyini görməmək mümkün deyil. /oxu.az/