Son günlər İranın tanınmış mühafizəkar siyasi simalarından biri, Möhsün Rızayinin baş müşaviri olan Xoşçəhminin verdiyi açıqlama diqqət çəkdi. O, iddia edib ki, İsrailə məxsus döyüş təyyarələri və pilotsuz uçuş aparatları (PUA) Təbriz istiqamətində şimaldan, yəni Azərbaycan ərazisindən hərəkət edərək İranın hava məkanına daxil olub. Xoşçəhmin bu tip hadisələrin əvvəllər də baş verdiyini deyərək, dolayısı ilə Azərbaycan Respublikasını İsrailin regional əməliyyatlarında katalizator kimi təqdim edir.
Bu cür açıqlamalar nə dərəcədə reallığa uyğundur və bu kontekstdə İran–Azərbaycan münasibətləri hansı istiqamətə yönələ bilər?
Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, İranın bəzi rəsmilərinin vaxtaşırı Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham etməsi yeni hal deyil:
“Rəsmi Tehran uzun müddətdir ki, İsrailin Azərbaycanda hərbi-texniki, kəşfiyyat və hava izləmə fəaliyyətləri həyata keçirdiyini iddia edir. Lakin bu iddialar indiyədək beynəlxalq müşahidəçilər və sübutlar tərəfindən təsdiqlənməyib. Əksinə, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmasına icazə verilmir.
Bununla belə, İran daxilindəki müəyyən dairələr, xüsusilə də sərt mövqeli mühafizəkarlar, bu cür ritorikadan daxili siyasətdə milli birliyi konsolidasiya etmək və rejim əleyhdarlarını susdurmaq məqsədilə istifadə edə bilərlər.
Son illərdə İran və Azərbaycan arasındakı münasibətlər dalğalı xarakter daşıyır. 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regional güc balansındakı mövqeyinin artması İranı narahat edən əsas amillərdəndir. Bu dövrdə rəsmi Tehran Azərbaycanın İsraillə yaxın münasibətlərindən, Zəngəzur dəhlizi məsələsində Türkiyə–Azərbaycan əməkdaşlığından və Güney Azərbaycanda artan milli özünüdərketmədən narahatlığını açıq və dolayı yollarla ifadə edib.
Lakin İranın Azərbaycanla açıq qarşıdurmaya getməsi çoxsaylı strateji və iqtisadi risklər daşıyır. Hər iki ölkə arasında sıx nəqliyyat, ticarət və enerji əlaqələri mövcuddur. İranın şimal-qərb bölgəsi xüsusilə Təbriz, Ərdəbil və Urmiya Azərbaycanla sıx etnik və mədəni əlaqələrə malikdir. Bu da Tehranı Azərbaycanla gərginliyi tammiqyaslı münaqişəyə çevirməkdən çəkindirən əsas amillərdən biridir.
Elman Telmanoğlu
Hazırkı geosiyasi kontekstdə İranın Azərbaycanla bağlı siyasəti aşağıdakı üç istiqamətdən birini izləyə bilər:
1. Ritorik gərginlik və simvolik aksiyalar (ən real ssenari)
İran daxili auditoriyaya oynamaq məqsədilə ritorikasını sərtləşdirə, sərhəd ərazilərdə hərbi təlimlər keçirə bilər. Sərt bəyanatlar, diplomatların geri çağırılması və kiber hücumlar daxil olmaqla, məhdud qarşıdurma vasitələrindən istifadə ehtimalı yüksəkdir. Bu ssenari həm daxili sabitliyi qoruyur, həm də açıq münaqişədən qaçmağa imkan verir.
2. Diplomatik gərginliyin artması və ticarət əlaqələrinin zəifləməsi
Tehran iqtisadi vasitələrə əl ataraq ticarət yollarını məhdudlaşdıra və tranzit yük daşımalarını ləngidə bilər. Bu, xüsusilə İranın Naxçıvanla sərhədi və Zəngilan Ordubad dəhlizi üzərində oynadığı rolda özünü göstərə bilər. Lakin bu siyasət hər iki tərəf üçün iqtisadi itkilərlə nəticələnə biləcəyi üçün ehtimalı orta səviyyədədir.
3. Hərbi-siyasi qarşıdurma və sərhəd insidentləri (ən az ehtimal olunan ssenari)
İran və Azərbaycan arasında birbaşa silahlı toqquşma və ya hava hücumları ehtimalı çox zəifdir. Belə bir vəziyyət regional və beynəlxalq güclərin – o cümlədən Türkiyənin, NATO-ya yaxın dairələrin və Qərb dövlətlərinin – Cənubi Qafqazda daha fəal mövqe tutmasına səbəb ola bilər ki, bu da Tehran üçün arzuolunmazdır”.
Politoloqun sözlərinə görə, regional səbir və geosiyasi hesablamalar göstərir ki, İranın Xoşçəhmin kimi fiqurlar vasitəsilə verdiyi sərt bəyanatlar təzyiq və balans yaratmaq vasitəsidir, lakin bu, real qarşıdurma niyyəti ilə eyniləşdirilməməlidir:
“Mövcud vəziyyətdə İran üçün Azərbaycanla açıq qarşıdurmaya getmək strateji intihar olardı. Bu səbəbdən, indiki mərhələdə birinci istiqamət ritorik gərginlik və simvolik addımlar ən real ssenari kimi görünür.
Azərbaycan isə bu proseslərə cavab olaraq soyuqqanlı və beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirməklə həm daxili sabitliyi qoruyur, həm də beynəlxalq imicini gücləndirir. Cənubi Qafqazda və dünyada balanslı güc siyasəti aparan Bakı üçün bu cür iddialar daha çox siyasi səs-küy xarakteri daşıyır və rəsmi bəyanatlarla deyil, dəqiq sübutlarla cavablandırılır”.