"Türk dövlətləri arasında münasibətlər istiləşməkdədir və inteqrasiya vacibdir. Xarici siyasətdə dayaq nöqtələri tapmaq olduqca önəmlidir. Əgər tariximizə baxsaq, görərik ki, türk xalqları arasında həmin dayaq nöqtəsinin tapılmasında böyük çətinliklər var idi".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, tarixən türk dövlətləri bir-birinə qarşı vuruşdurulub, vahid halda olmayıblar:
"Həmçinin, 2020-ci ilə, yəni 44 günlük müharibəyədək Azərbaycan-Ermənistan münasibətlərində hətta bəzi türk dövlətlərinin beynəlxalq təşkilatlardakı səsvermələrdən boyun qaçırdıqlarını görürdük. Hansısa məsələlərdə Azərbaycanla soyuq münasibətlərin şahidi olurduq. Bunları etiraf etmək lazımdır. Amma bu gün tamamilə fərqli düşüncə, fərqli fəlsəfi-ideoloji baxışı görməkdəyik. Bu da nədən qaynaqlanır? 44 günlük müharibəyə kimi hansısa məsələlərdə çəkinən regional dövlətlər, türk ölkələri Azərbaycanın qələbəsindən sonra daha da hünərləndilər, cəsarətlindilər. Məhz bu məsələdə qabaqcıl, lider ölkə qismində çıxış edən dövlət, coğrafi cəhətdən digər ölkələrdən kiçik olmasına baxmayaraq, məhz Azərbaycan oldu. Nəhayət, bu gün təkcə humanitar, mədəniyyət, təhsil, elm sahəsində inteqrasiyadan deyil, siyasi-hərbi sahələrdə, dövlətlərin təhlükəsizliyi məsələsində, qlobal təhdidlər məsələsində də mühüm addımlar atılmaqdadır".
Analitik vurğulayıb ki, bu addımların atılmasında gecikmək olmaz:
"Dünya dəyişir. Nə qədər ki, ətrafda müharibələr var, ayrı-ayrı ölkələrin başları öz milli təhlükəsizliklərinə, öz problemlərinə qarışıb, bu məqamdan istifadə etmək lazımdır. Ötən ildən eyham vurulmuşdu ki, məhz hərbi-texniki əməkdaşlıq, təhlükəsizlik orqanlarının əməkdaşlıq türk dövlətlərinin prioritet istiqamətləri olsun. Artıq bu yöndə ciddi addımlar atılmaqdadır”.
Zaur Məmmədov: Türk dövlətlərinin orduları bizə yaxınlaşarsa, bu, artıq böyük bir qüvvə olacaq
Müsahibimiz bildirib ki, Rusiyanın, Çinin, Hindistanın, o cümlədən ABŞ-nin Mərkəzi Asiya ölkələri uğrunda mübarizəsi ortadadır. Cənubi Qafqaz uğrunda mübarizə daha da şiddətlənə bilər:
“Belə olan təqdirdə əgər türk dövlətləri arasında Şuşa Bəyannaməsinə bənzər pakt, memorandum imzalanarsa, bunun necə bir güc olacağını təsəvvür etmək çətin olmaz. Türk ölkələri və onların ordusu çox böyük potensial deməkdir. Azərbaycan və Türkiyə ordusu dünyanın qabaqcıl orduları sırasındadır. Digər ölkələrin də ordusu bizə yaxınlaşarsa, bu, artıq böyük bir qüvvə olacaq".