“ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin bitməsi ilə bağlı başından bəri sadəcə bir “yol xəritəsi” var. Bu da hər iki tərəfə qarşılıqlı təzyiqlərdən ibarətdir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
Ekspert bildirib ki, ABŞ prezidentinin yol xəritəsinə görə, ilk növbədə Rusiyaya başa salınır ki, əgər Vaşinqtonun şərtləri ilə razılaşmasanız Ukraynaya daha dağıdıcı yeni silahlar veriləcək:
“Bununla yanaşı, Rusiya üzərinə qoyulan sanksiyalar daha da dərinləşəcək. Yəni ABŞ Rusiyaya öz şərtlərini qəbul etdirmək üçün ciddi səy göstərir. Eyni zamanda Ukrayna tərəfinə də təzyiq göstərir. Prezident Volodimir Zelenskiyə izah etməyə çalışırlar ki, Kiyev də Ağ Evin tələblərini gözardı edərsə, Ukraynaya verilən silah-sursat və maliyyə dəstəyi dayandıralacaq. Paralel olaraq, Zelenski və ətrafındakıların korrupsiya fəaliyyəti də ortalığa qoyulacaq və s.”
Müsahibimizə görə, Vaşinqton çalışır ki, hər iki tərəfi öz şərtləri ilə razılaşdırsın. Dediyinə görə, əslində bu metod biznes sahəsində çox gözəl üsuldur və müsbət nəticələr verir. Ancaq siyasətdə belə taktikaların istənilən nəticə vermədiyi göz önündədir.
Turab Rzayev: Rusiya-Ukrayna müharibəsində Tramp administrasiyası daxilində ciddi fikir ayrılıqları var
Analitik əlavə edib ki, həm Rusiya, həm də Ukayna nümayəndələri görüşlərdə iştirak etsələr də, hər iki tərəf maksimum manevr nümayiş etdirir:
“Məsələn, Putin öz şərtlərini ağırlaşdırmağa çalışır, Zelenski isə Trampın şərtləri ilə razılaşdığını bəyan etsə də, reallıqda həmin şərtləri yerinə yetirmir, müxtəlif bəhanələr gətirir. Məsələ də ondadır ki, Trampın müharibəni bitirməklə bağlı bundan savayı əlavə planı yoxdur”.
Turab Rzayev qeyd edib ki, amma ABŞ bu cəbhədə sakitliyin olmasında maraqlıdır. Çünki anlayır ki, eyni vaxtda həm Yaxın Şərqdə, həm də digər bölgələrdə fəallıq nümayiş etdirə bilməz:
“Ona görə də çalışır ki, Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olaraq Yaxın Şərqdə, İranla daha ciddi məşğul olsun. Digər problem odur ki, Rusiya-Ukrayna müharibəsində Tramp administrasiyası daxilində ciddi fikir ayrılıqları var”.