Azərbaycanın görkəmli simalarının ağır xəstəliklər zamanı Türkiyəyə üz tutması və əsasən burada vəfat etməsi artıq tendensiya halını alıb. Bu, Azərbaycanda səhiyyə sisteminin real vəziyyəti ilə bağlı müəyyən suallar doğurur. Bildirilir ki, son illər yerli səhiyyə sistemində istər kadr, istərsə də texnoloji baxımdan inkişaf olsa da, məmurlar, ictimai-siyasi xadimlər müalicə üçün xarici ölkələrə, əsasən də Türkiyəyə gedirlər.
Bunun səbəbi nədir?
Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, insanlar xaricə müalicəyə bir neçə əsas səbəbə görə gedirlər:
“Birincisi, bəzi mürəkkəb və yüksək ixtisas tələb edən xəstəliklərin müalicəsində xaricdə daha geniş imkanların olduğu düşünülür. İkincisi, texnoloji baza və diaqnostika imkanları ilə bağlı formalaşmış ictimai rəy var. Üçüncüsü və ən önəmlisi — etibar məsələsidir. Bu o demək deyil ki, Azərbaycan səhiyyəsində əsaslı inkişaf getmir. Son illərdə ölkədə yeni xəstəxanalar tikilib, müasir avadanlıqlar gətirilib, icbari tibbi sığorta sistemi tətbiq olunub və bir çox müsbət addımlar atılıb. Lakin məsələ yalnız infrastrukturla bitmir. İnsanlar həkimə müraciət edərkən özünü güvəndə hiss etmək istəyir. Həm diaqnozun düzgün qoyulacağına, həm də müalicənin effektiv olacağına inanmaq istəyir. Reallıq isə ondan ibarətdir ki, bəzi hallarda vətəndaşlar daxildə aldıqları tibbi xidmətin keyfiyyətindən narazı qalır, ya da alternativ olaraq xarici təcrübəyə üstünlük verirlər. Bu, səhiyyə sistemində həm peşəkarlıq səviyyəsinin, həm də xidmət mədəniyyətinin daha da inkişaf etdirilməsinin vacibliyini göstərir”.

Deputat bildirib ki, bu məsələyə emosional yox, rasional yanaşmaq lazımdır:
“Xaricə müalicəyə getmək ayıb və ya qınaq mövzusu deyil. Əsas məqsədimiz elə bir səhiyyə sistemi qurmaq olmalıdır ki, vətəndaş öz ölkəsində müalicə almağa üstünlük versin. Bunun üçün isə həm kadr hazırlığı, həm şəffaflıq, həm də məsuliyyət mexanizmləri gücləndirilməlidir. Ən əsası, vətəndaşın etimadını qazanmaq lazımdır. Etimad isə yalnız sözlə deyil, keyfiyyətli və davamlı xidmətlə formalaşır”.