Çeri (və ya çerri) pomidoru həm dadı, həm də estetik görünüşü ilə son illərdə mətbəximizin ayrılmaz hissəsinə çevrilib. İngilis dilindən tərcümədə "albalı" (cherry) mənasını verən bu tərəvəz, adını məhz kiçik və dairəvi formasından götürüb.
Bu pomidor növü ilk dəfə Cənubi Amerikanın And dağları bölgəsində yabanı halda aşkar edilib. Lakin müasir seleksiya olunmuş formaları 1970-ci illərdə İsrail alimləri tərəfindən inkişaf etdirilib. O, həm açıq sahədə, həm də istixanalarda yetişdirilə bilər. Hətta dözümlü olduğu üçün pəncərə qarşısında, dibçəklərdə də rahatlıqla məhsul verir.
Azərbaycan bazarlarında satılan çeri pomidorlarının böyük hissəsi yerli istixanalarda, xüsusilə Abşeron, Şəmkir və Salyan rayonlarında yetişdirilir. İdxal məhsul kimi isə ölkəmizə əsasən Türkiyə, Rusiya və bəzən İran bazarlarından daxil olur. Qış aylarında vitrinlərdə gördüyünüz çeri pomidorlarının əksəriyyəti yerli müasir istixana komplekslərinin məhsuludur.
Çeri pomidorunu digərlərindən fərqləndirən əsas cəhət onun dad intensivliyidir. Tərkibindəki şəkər miqdarı adi pomidorla müqayisədə daha yüksək olduğu üçün o, daha şirin və aromatikdir. Bundan başqa, çeri pomidorunun qabığı bir qədər bərkdir ki, bu da onun daha uzun müddət təzə qalmasına imkan yaradır. Eyni çəkidə olan çeri pomidorunda adi pomidora nisbətən daha çox vitamin və mineral cəmləşib.
Bu tərəvəz əsl antioksidant mənbəyidir. Tərkibindəki likopen maddəsi ürək-damar xəstəlikləri və xərçəng riskini minimuma endirir. Eyni zamanda, A və C vitaminləri ilə zəngin olması immuniteti gücləndirir, sümük sağlamlığını qoruyur. Kalorisinin aşağı olması isə onu pəhriz saxlayanlar üçün əvəzolunmaz edir. 100 qram çeri pomidorunda cəmi 18-22 kalori var.
Həkimlər qeyd edirlər ki, bu pomidor növünü bişmiş halda istehlak etmək orqanizmin likopeni daha rahat mənimsəməsinə kömək edir. /Demokrat.az/