“ABŞ nümayəndələri gələn həftə “Tramp marşrutu” (Zəngəzur dəhlizi – red.) layihəsini müzakirə etmək üçün Ermənistana səfər edəcəklər”.
Bu barədə məlumatı Ermənistanın “Johovurd” qəzeti yayıb. Qəzet qeyd edir ki, səfər zamanı siyasi nüanslar, investisiyanın həcmi, işlərin başlama vaxtı da daxil olmaqla texniki detallar müzakirə ediləcək:
“Bizə məlumatlı hökumət mənbələri bildiriblər ki, səfərin gündəliyi cəmiyyətdə 42 kilometrlik “Tramp dəhlizi” proqramı ilə bağlıdır. Qəzetin yazdığına görə, amerikalı qonaqlar dəhlizin təkcə texniki və siyasi detallarını deyil, həm də investisiyaların həcmini, prioritetləri, tikinti işlərinin başlama tarixini müzakirə edəcəklər:
“Mənbələrin bildirdiyinə görə, səfərin məqsədi artıq Tramp-Əliyev-Paşinyan memorandumunun paraflanmış versiyasının praktiki həyata keçirilməsi istiqamətində addımların ardıcıllığını dəqiqləşdirməkdir. Hazırda rəsmi mənbələr həm səfərin təfərrüatları, həm də gündəm barədə susur. Lakin məlumata görə, müzakirələr qapalı formatda aparılacaq və qərarlar regionda yeni yol reallığının formalaşması ilə birbaşa bağlı olacaq”.
Məlumatdan göründüyü kimi, ABŞ artıq əldə edilmiş razılaşmaya uyğun olaraq, “Tramp marşrutu”nun açılması üçün mütəxəssisləri Ermənistana göndərməyi qərara alıb. Zəngəzur dəhlizindən keçəcək dəmir yolu və avtomobil yolunun Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında keçid rolunu oynayacağını nəzərə alsaq, amerikalıların Bakıya da səfər edəcəyi istisna olunmur.
Lakin “Tramp marşrutu” Ermənistan ərazisindən keçdiyinə görə ABŞ nümayəndə heyətinin İrəvana səfəri infrastrukturun bərpası üçün yerində vəziyyətlə tanış olmaq və qiymətləndirmə aparmaq məqsədi daşıyır. Məlumatdan görünür ki, 42 kilometrlik dəhlizin inşası üçün investisiyanın yatırılmasını ABŞ tərəfi öz üzərinə götürməyə hazırdır.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət İşçi Qrupun apardığı ilkin hesablamalara görə, Zəngəzur dəhlizindən keçəcək dəmir yolunun bərpası üçün 200 milyon dollar vəsait lazımdır. Hətta 2022-ci ilin iyun ayında dəmir yolunun açılmasına dair üçtərəfli İşçi Qrup çərçivəsində razılaşma əldə olunmasına baxmayaraq, sonralar nə Ermənistan, nə də Rusiya bu məsələnin icrasında maraqlı oldu.
Nikol Paşinyan hökuməti Zəngəzur dəhlizinin autsorsinqini ABŞ-yə vermək barədə sənəd imzalasa da, Rusiyanı prosesdən tam kənarlaşdıra bilməyib. Bu da ilk növbədə, Cənubi Qafqaz Dəmir Yolları QSC-nin (CQDY) konsessiyasının Rusiyaya məxsus olması ilə bağlıdır. 2008-ci il fevralın 13-də Ermənistan və Rusiya arasında imzalanmış müqaviləyə görə, CQDY Rusiya Dəmir Yolları QSC-nin törəmə şirkətinə çevrilib.
Ona görə də Rusiya ABŞ şirkəti tərəfindən dəmir yolunun bərpası və idarə olunmasına qarşı çıxacaq. Bu baxımdan, “Tramp marşrutu” üzrə avtomobil yolunun öncə açılması imkanları daha asan görünür. Dəmir yolunun bərpası və işə düşməsi isə 2027-ci ildən sonra baş verə bilər. Çünki müqaviləyə görə, CQDY 30 illik müddətə Rusiyanın idarəçiliyinə verilib. Sazişdə ilkin müddət kimi 20 illik razılaşma əldə olunub.
20 ildən sonra Ermənistan konsessiyanın müddətini 10 illiyinə uzatmaq və ya bundan imtina etmək hüququna malikdir. Saziş 2027-ci ildə başa çatır və əgər 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın komandası qalib gələrsə, çox güman ki, müqavilənin müddətini 10 il uzatmaqdan imtina edəcək.
Bu halda Zəngəzurdan keçən dəmir yolunun bərpası və idarə olunmasını ABŞ şirkətinə vermək Ermənistan üçün daha asan olacaq. Yəni Rusiya ABŞ-nin Horadiz-Mehri-Arazdəyən-Ordubad marşrutu üzrə dəmir yolunu açmasına maneə ola bilməyəcək. /cebheinfo.az/