Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması tarixi hadisədir. Bu düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır. Hazırda donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də Prezident Tramp tərəfindən Azərbaycan üçün siyasi jestdir.
Musavat.com yada salır ki, 1992-ci ilin oktyabrında Ermənistanın lobbi qruplarının təsiri altında olan konqresmenlə təşəbbüsü ilə qəbul olunan bu ədalətsiz qərar ölkəmizi ABŞ-ın birbaşa dəstəyindən məhrum etdi və respublikamız sanksiyalara məruz qalmışdı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim etdiyi üçün sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılırdı. 2023-cü ildə Bayden administrasiyasının həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etməsi mənfi münasibətin və yanaşmanın kulminasiyası idi.
907-ci düzəliş Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edirdi. Məhz bu sənədlə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşmışdı. Ermənistan və Gürcüstan ABŞ-dən milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum olunmuşdu. 907-ci düzəlişin tam ləğvi, yalnız siyasi jest deyil, həm də konkret faydalar deməkdir.
İlk növbədə sənədin ləğvi ilə başlıca olaraq iqtisadi əməkdaşlıq genişlənəcək. ABŞ şirkətləri Azərbaycana daha çox sərmayə yatırmaqda həvəsli olacaq. Xüsusən enerji, texnologiya və kənd təsərrüfatı sektorlarında. Həmçinin təhlükəsizlik əməkdaşlığı dərinləşəcək. Müdafiə, sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahələrində ABŞ texnologiyaları və təlimləri Bakıya daha açıq şəkildə təqdim edilə bilər.
30 ildən çoxdur ki, 907-ci düzəliş ABŞ-Azərbaycan münasibətlərində “görünməz divar” rolunu oynayırdı. Onun formal qüvvədə qalması, əməkdaşlıq üzərində daim asılı qalan bir siyasi kölgəyə çevrilmişdi.
Lakin Vaşinqton Zirvəsində prezident Əliyevin ölkəmizə qazandırdığı uğurların biri də bədnam 907-ci düzəlişin Tramp tərəfindən ləğv edilməsinə nail olmasıdır.
Yeri gəlmişkən, bu sənədin hazırlanmasında iştirak edənlərdən biri, həmmüəllif elə keçmiş ABŞ prezidenti Bayden olmuşdu. İndi isə onun təşəbbüsü ilə ərsəyə gələn 907-ci düzəliş yoxdur, gorbagor olub.
Ümumiyyətlə, prezident Əliyevin Vaşinqton səfərində əldə olunan nəticələr keçmiş münaqişədən qalan “miras”ların dəfn edilməsi oldu: Minsk Qrupunun və 907-ci düzəlişin ləğvinə razılaşma.
Deputat Ceyhun Məmmədov Musavat.com-a deyib ki, Minsk Qrupunun və 907-ci düzəlişin ləğvi Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizin diplomatiyasının uğurudur:
“Biz ümumi təhlil edəndə görürük ki, bu prosesdə bir neçə mərhələli hədəfimiz var idi. Onlardan ikisi də Minsk Qrupu və 907-ci düzəlişin ləğvi idi ki, Azərbaycan məqsədinə müvəffəq oldu. Ümumiyyətlə, bu münaqişənin köklü səbəbləri var idi və ağır proses idi. Azərbaycan isə onları uğurla keçməyi bacardı: əvvəlcə, 2020-ci ildə işğala son qoyuldu, 2023-cü ildə suverenliyimiz bərpa olundu, ardınca növbəti addımlar atıldı. Son mərhələdə - Vaşinqtonda isə Azərbaycan sözügedən hədəflərinə nail oldu. O da Minsk Qrupunun ləğvi və 907-ci düzəlişin ləğvi idi”.
Deputat bildirib ki, 907-ci düzəliş ədalətsiz qərar idi və Azərbaycan onun ləğvi üçün çox çalışırdı, sadəcə, həlli asan məsələ deyildi: “ABŞ rəhbərləri zaman-zaman onun icrasını dondururdu, amma ləğv olunmurdu. Bu dəfə isə Azərbaycan rəhbərliyi onun ləğvinə nail oldu və sözsüz ki, tarixi, kifayət qədər böyük nəticədir.
Minsk Qrupuna gəlincə, Ermənistan missiyanı saxlamaqla keçmiş münaqişəni gələcəkdə yenidən gündəmə gətirmək niyyəti güdürdü. Amma cənab Prezidentin qətiyyətli siyasəti nəticəsində Minsk Qrupunun ləğvinə nail olduq. Həmçinin bəzi ölkələr də istəmirdilər ki, bu institut ləğv edilsin, amma Azərbaycan hədəfinə çatdı”.
Professor Qabil Hüseynli həm Minsk Qrupunun ləğvinə razılığı, həm 907-ci düzəlişin aradan qaldırılmasını ədalətin təntənəsi hesab edir. Onun bildirdiyinə görə, hər ikisi keçmiş münaqişənin “bədxassəli şişləri” idi və götürülməliydi.
Q.Hüseynlinin fikrincə, əslində, bu, çoxdan olmalıydı: “Azərbaycan Prezidentinin triumflarından biri də məhz həmin sənədin ləğvinə nail olmasıdır. İşğala məruz qalan ölkəyə belə bir sanksiyanın qoyulması ən böyük ədalətsizlik idi. Azərbaycan isə bu məhdudiyyətə baxmayaraq, özünün hərbi potensialını gücləndirirdi və 44 günlük müharibədə arsenalımızda olan müasir silahların istifadəsi Ordumuzun qüdrətini nümayiş etdirmişdi. Ona görə də 907-ci düzəlişin ləğvi çoxdan olmalıydı. Keçmiş münaqişəyə aid nə varsa aradan qaldırılmalıdır. Eyni zamanda, Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət də yerində qərardır”.
Q.Hüseynli qeyd edib ki, Ermənistan bundan yayınmağa çalışırdı, lakin Azərbaycanın “hücum diplomatiyası”, cənab İlham Əliyevin prinsipiallığı Paşinyan administrasiyasını razılaşmağa məcbur etdi: “Minsk Qrupu murdar ət kimi idi və onu tarixin zibilliyinə göndərmək ən məntiqli addımdır. Çünki problemin həllinə heç bir töhfəsi olmadı. Artıq nazirlərin də müraciəti var, həmçinin Fransa bu mövqeni dəstəkləyib, Rusiya daha əvvəldən Minsk Qrupunun öldüyünü təsdiqləyirdi, odur ki, ATƏT müsbət qərar qəbul edəcək”.
Analitik Elxan Şahinoğlunun fikrincə, 907-ci düzəlişin yaxın gələcəkdə Konqres tərəfindən qüvvədən düşürülməsi aktuallaşa bilər:
“Əgər ABŞ Azərbaycanla strateji tərəfdaşlıq sazişini imzalayırsa, konqresmenlər 907-ci düzəlişin hansı məntiqlə hələ də qüvvədə qalmasını izah etməli olacaqlar. Əlbəttə, 907-ci düzəlişin ortadan qaldırılması üçün bizdən də diplomatik fəallığın artırılması tələb olunacaq. Fransa, Belçika və Niderlanddakı anti-Azərbaycan dairələr üçün də çətin olacaq”.