Türkiyənin İzmir şəhərində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Qarabağ Zəfərinin tarixi əhəmiyyəti, Azərbaycan-Türkiyə qardaşlığı və Türk dünyasının həmrəyliyi xüsusi vurğulanıb.
Məlumata görə, tədbir İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir iştirakçıları əvvəlcə Bornova Azərbaycan Dostluq Parkında yerləşən Xocalı abidəsini ziyarət edərək faciə qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna Qarabağın azad olunmasına aparan mübarizədən, Azərbaycan xalqının iradəsindən və Prezident İlham Əliyevin qətiyyətli siyasi mövqeyindən danışıb. O, Zəfərin gələcək nəsillərə ötürülməli olan tarixi miras olduğunu bildirib.
Jurnalist Nigar Ögeday isə Qarabağ Zəfərinin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq qüruru olduğunu vurğulayıb. Onun sözlərinə görə, Qarabağın azadlığı Türk millətinin birlik və həmrəylik ruhunun təcəssümüdür.
Tədbirdə çıxış edən Aygün Eroğlu Qarabağın azadlığını ədalətin tarixi təcəllisi kimi qiymətləndirib, bu Qələbənin Azərbaycan xalqının Vətən sevgisinin, səbrinin və inamının nəticəsi olduğunu qeyd edib.
Emil Cəfərov çıxışında “Qarabağ Azərbaycandır!” şüarını səsləndirərək tarixi Zəfərin Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından əhəmiyyətinə diqqət çəkib.
Tural Paşayev isə Qələbənin Azərbaycan xalqının birliyi, Ordumuzun gücü və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində əldə olunduğunu bildirib. O, bu tarixi uğurun Türk dünyasının həmrəyliyini də gücləndirdiyini vurğulayıb.
Vüsal Dadanoğlu Qarabağ müharibəsi dövründə Türkiyənin Azərbaycanın yanında olmasına diqqət çəkərək iki ölkə arasındakı qardaşlığın çətin günlərdə də özünü təsdiqlədiyini bildirib.
MHP Bələdiyyə Məclisinin üzvü Veysel Qarani Batı da çıxışında Türkiyə və Azərbaycan arasındakı sarsılmaz qardaşlıq əlaqələrindən danışıb. O, iki xalqın ortaq tarix və mənəvi bağlarla bir-birinə bağlı olduğunu qeyd edib.
Tədbirdə vurğulanıb ki, 8 Noyabr Zəfəri yalnız hərbi Qələbə deyil, həm də şəhidlərə vəfa, qazilərə minnətdarlıq və milli birliyin təntənəsidir.
İzmirdə keçirilən tədbir Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin, eləcə də Türk dünyasının ortaq tarixi və mənəvi dəyərlərinin yaşadılması baxımından əlamətdar olub.
Tədbir iştirakçıları Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edərək “Qarabağ Azərbaycandır!” və “Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!” şüarlarını səsləndiriblər.
Redaksiya qeydi: Mətn Sumqayıt TV-yə təqdim edilən məlumat əsasında hazırlanıb.



