Rusiya Ermənistana bu silahları daşıyır - Azərbaycan hazırlıq içində


Altaydan yeni qayıdan Paşinyanın gözü qarşısında Gümrüdəki 102 saylı bazaya hərbi yük daşınmasının sürətlənməsi hansı ssenariyə hesablanıb?

Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yük daşıması davam edir. Erməni mediası yazıb ki, hər gün bir neçə belə təyyarə Gümrüyə eniş edir. Məntiqlə Nikol Paşinyan hökumətinin razılığı olmadan bu, mümkünsüzdür. Yaxud daşımalar tərəflər arasında 2044-cü ilədək qüvvədə olacaq (əgər ona kimi ləğv edilməzsə) Strateji Tərəfdaşlıq Sazişi əsasında həyata keçirilir.

Şübhə yox ki, qərbçi Nikol Vovayeviç ABŞ kəşfiyyatı hesabına hərbi yüklərin xarakterindən tam məlumatlıdır. Deməli, o, “fors-major” vəziyyətlə bağlı Amerikadan müvafiq xəbərdarlıq və təlimat da alıb. Unutmayaq ki, İrəvandakı ABŞ səfirliyi əməkdaşlarının sayına görə (3000) MDB məkanında ən böyük, dünyada isə İraqdan sonra ikinci böyük səfirlikdir. Yəni İrəvandakı amerikalı diplomatların böyük qismi diplomat missiyası daşımır. Onlar təhlükəsizlik və məxfi xidmət əməkdaşlarıdır.

Bu mənada silahlarla bağlı vəziyyətin tezliklə öz kulminasiya nöqtəsinə çatacağını proqnoz eləmək mümkündür. Ermənistanda daxili vəziyyət xeyli dərəcədə bundan asılı olacaq.

Bəs Rusiya Gümrü bazasına konkret hansı hərbi yükləri daşıyır - Ukraynada buna ehtiyac olduğu halda.

Kreml mövzuya münasibət bildirmək istəməyib: “Biz bu cür xəbərləri şərh etmirik. Bu barədə Müdafiə Nazirliyinə müraciət etməyiniz məsləhətdir”.

Bəzi şərhçilərə görə, Rusiya Cənubi Qafqaz ölkələrinə qarşı hərbi-siyasi təzyiqləri artırmaq məqsədilə Ermənistandakı Gümrü hərbi bazasının gücləndirilməsi prosesini sürətləndirib.

Ukrayna Hərbi Kəşfiyyatı da bu haqda məlumat yayıb. Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Andrey Yusovun sözlərinə görə, bu addımlar Kremlin qlobal təhlükəsizliyə qarşı yönəlmiş strategiyasının bir hissəsidir: “Rusiya Ermənistandakı hərbi mövcudluğunu artırmaqla yanaşı, Qafqazda millətlərarası qarşıdurmanı qızışdırmağa çalışır. Eyni zamanda Azərbaycan və Rusiya arasında münasibətlərin pisləşməsi də bu ssenarinin bir hissəsi ola bilər”.

Digər variantlardan biri kimi hərbi çevrilişə hazırlıq planı səslənir. Lakin yenə də Paşinyan hökumətinin gözü qarşısında bu hazırlığın görülməsi qəribədir.

Axı Nikol öz əleyhinə olan prosesə necə “yaşıl işıq” yandıra bilər? Üstəlik, erməni baş nazir Altaydan təzə qayıdıb, Rusiya ilə əlaqələri sahmana salmağa çalışıb. Ən nəhayət, Azərbaycan narahat olmalıdırmı?

Son illərdə Ermənistan cəmiyyətində və siyasi çevrələrdə bu hərbi bazanın ölkə ərazisindən çıxarılması məsələsi zaman-zaman gündəmə gətirilib. Mətbuatda vaxtaşırı yayılan məlumatlara görə, Ermənistan hakimiyyətinin bazanın fəaliyyətinə yenidən baxmaq niyyətində olduğu, hətta onu bağlamağı planlaşdırdığı iddiaları da irəli sürülüb. Amma rəsmi İrəvan deyilənləri təkzib edib.

Ermənistan 102-ci hərbi bazanı BAĞLAYIR? | Modern.az

Bütün bu proseslər fonunda Rusiyanın Gümrüdəki hərbi bazasını yenidən silahlandırması və şəxsi heyəti artırması regionda baş verə biləcək geosiyasi dəyişikliklərin xəbərçisi kimi qiymətləndirilə bilər.

Şübhəsiz ki, Azərbaycan da bu prosesləri diqqətlə izləyir. Çünki Ermənistanda Rusiyaya bağlı qüvvələrin çevriliş yolu ilə hakimiyyətə gətirilməsi və bu qüvvələrin Azərbaycanla 2020-ci ildə bağlanmış sülh razılaşmalarını pozması ehtimalı regionda yeni eskalasiya təhlükəsi doğura bilər. Maraqlıdır ki, Azərbaycanın sabiq baş naziri, təhlilçi Pənah Hüseyn Musavat TV-yə verdiyi müsahibəsində bu ehtimala toxunaraq bildirmişdi: “Rusiya Ermənistanda Paşinyanı devirdikdən sonra onun yerinə özünə sadiq qüvvələri gətirib, həmin hökumətin vasitəsilə Azərbaycana təzyiq və ya hərbi müdaxilə planlaya bilər. Bu, real təhlükədir”.

Hərbi müşahidəçilər bir versiyanı da istisna etmirlər: yeni bir eskalasiya ssenarisi hazırlanır. Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu artırması Azərbaycan sərhədlərinə təzyiq mexanizmi kimi istifadə edilə bilər. Bu, həm Ermənistanın revanşist hissələrini, həm də Rusiya təbliğatını qidalandıracaq addım ola bilər.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirib ki, Rusiya 102-ci bazaya əlavə qüvvələr göndərməklə bağlı Ermənistana hesabat vermək borcunda deyil. Onun sözlərinə görə, imzalanan müqavilə əsasında baza fəaliyyətini davam etdirir: “Ola bilsin ki, rotasiya həyata keçirilir. Gümrüdə olan hərbçilər cəbhəyə göndərilir, yeniləri gətirilir. Əgər əlavə qüvvə cəlb olunduğu və silah daşımaları barədə fakt varsa, deməli, Ermənistanda əlini gücləndirir. Rusiya hələ də Ermənistanı özünün təbəəsi sayır və ABŞ-ın addımlarına baxmayaraq, sərhədlərdə rus hərbçilərin olduğunu yaddan çıxarmamalıyıq”.

Ekspertin fikrincə, Ermənistanda hərbi çevriliş həmişə aktualdır, amma indi real deyil: “Paşinyan özü də Kremlə yarınır. O, Rusiya ilə ikibaşlı siyasəti davam etdirməyə çalışır. Təbii ki, Putin vəziyyətdən narazıdır, amma hazırkı hökumətlə işləyirlər. Sadəcə, X günü gözlənilir və ilk əlverişli fürsətdə Paşinyanın devrilməsinə böyük güc səfərbər olunacaq. Məsələ budur ki, erməni baş nazir Saakaşvili qədər radikal addımlar atmır. Düzdür, Rusiyadan ona siqnallar verilir ki, Zelenski yolu gedir. Hər halda, Ermənistan hökuməti münasibətləri kökündən korlamır. Bu mənada, Gümrüyə silah daşınmasına Paşinyan əngəl ola bilməsə də, prosesi izləyir. Məncə, mane ola bilmir. Rusiya isə hərbi mövcudluğunu gücləndirməklə Ermənistanda Qərb kəşfiyyatına “əzələ” nümayiş etdirir. Avropa Birliyinin artan müşahidəçiləri, amerikalı kəşfiyyatçıların bu ölkəyə yerləşməsi dərinləşdikcə Rusiya adekvat tədbirlər görməyə başlayıb. Hazırda Ermənistan uğrunda rəqabət güclənməkdədir".

CROSSMEDIA - Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası gücləndirilir

Xatırladaq ki, Ermənistan ərazisində yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə təsis olunub. Baza Ermənistanla Rusiya arasında bağlanmış hərbi əməkdaşlıq müqaviləsinə əsasən fəaliyyət göstərir. Əvvəlcə bu saziş 25 il müddətinə nəzərdə tutulmuşdu. Lakin 2010-cu ildə Rusiya Federasiyasının o dövrkü prezidenti Dmitri Medvedyevin Ermənistana etdiyi rəsmi səfər zamanı bu müqavilənin müddəti daha 49 il - yəni 2044-cü ilə qədər uzadıldı. Hazırda həmin baza Ermənistanın Gümrü şəhərində yerləşir və Rusiya Silahlı Qüvvələrinin mühüm strateji dayağı hesab olunur.


MANŞET XƏBƏRLƏRİ