Məktəbləri bağlamaqla fəxr etmirik - Emin Əmrullayev


"Bu gün təhsildə həm səmərəlilik, həm də keyfiyyət məsələləri xüsusi əhəmiyyət daşıyır".

Turkustan.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, xüsusilə kənd yerlərində 10, 15, 20, hətta 30 nəfərlik məktəblərin saxlanılması simvolik baxımdan mümkün görünsə də, reallıqda bu, təhsil prosesinin effektivliyinə təsir göstərir.

Emin Əmrullayevin sözlərinə görə, elə məktəblər və siniflər mövcuddur ki, orada cəmi 3–4 şagird təhsil alır. Bu halda həm müəllim baxımından pedaqoji prosesin düzgün təşkili çətinləşir, həm də şagirdlər üçün sağlam təhsil və sosial mühit formalaşmır. Nazir vurğulayıb ki, normal sayda şagirdi olan siniflər kiçik kontingentli siniflərlə müqayisədə birmənalı olaraq daha səmərəli və daha keyfiyyətlidir. Böyük siniflər sosial mühit baxımından da uşaqların formalaşmasına daha müsbət təsir göstərir. Təhsildə həyata keçirilən optimallaşdırma və rasionallaşdırma prosesləri də məhz bu məqsədə xidmət edir.

E.Əmrullayev bildirib ki, söhbət məktəblərin bağlanmasından getmir:

“Biz məktəbləri bağlamaqla fəxr etmirik. Sadəcə olaraq, əgər bir uşağa bu qədər böyük vəsait sərf olunursa, həmin vəsait daha səmərəli şəkildə bir uşağa və ya bir neçə uşağa yönəldilməlidir ki, daha yaxşı nəticələr əldə edək. Səmərəlilik mövcud resursların müəllimlərin inkişafına, maddi-texniki bazanın gücləndirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsini nəzərdə tutur və bu yanaşma daha düzgün qərardır”. /modern.az/


MANŞET XƏBƏRLƏRİ