“Ermənistan və Azərbaycan iki xalqa sülh şəraitində yaşamaq şansı verməlidir”.
Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Qarabağ məsələsinin həll olunmadığı barədə açıqlamalar əslində yeni müharibəyə çağırış deməkdir:
“Ermənistanda yeni müharibə tələb edən qüvvələrin olduğunu deyəndə, Azərbaycan bu kimi fikirlərə dərhal reaksiya verir. Məhz buna görə hərbi büdcələrini artırır, həmçinin “Qərbi Azərbaycan” barədə ritorikanı gücləndirirlər. Mən belə izahlardan çəkinirdim, baxmayaraq ki, insanların nəyi nəzərdə tutduğumu başa düşmələri üçün aydın və şəffaf danışmağa məcbur idim.
Qarabağ məsələsinin guya həll olunmadığını iddia edənlər əslində belə deməklə yeni müharibəyə çağırış edirlər. Bu, proqnoz deyil — birbaşa bəyanatdır: onlara yeni müharibə lazımdır”.
Paşinyan qeyd edib ki, Ermənistan tərəfi Qarabağ uğrunda hər şeyə getdiyini düşünürdü, lakin prosesin gedişində “gözlər açıldı”.
“Qarabağ naminə hər şeyə getdik, amma bu yolda gözümüz açıldı. Əvvəllər anlamadığımız çox şeyi başa düşdük. Özümüzə sual verməliyik: davamlı faciələrə, münaqişələrə, qırğınlara, soyqırımlara səbəb olan hansı səhvləri edirik?
Qarabağ problemi həll olundu, Azərbaycan və Ermənistan arasında regional məsələlər, nəqliyyat marşrutları, sərhədlərin demarkasiyası gündəmdədir. İndi bizə yalnız bu çərçivəyə uyğun hərəkət etmək, təxribatlara uymamaq və təxribat xarakterli ritorikadan uzaq durmaq qalır”, – Nikol Paşinyan əlavə edib.