Sünikdə 42 kilometrlik düyün: Ermənistanın geosiyasi imtinası


Zəngəzur dəhlizi məsələsi son illərdə Cənubi Qafqazda geosiyasi proseslərin mərkəzində dayanır. İkinci Qarabağ müharibəsindən sonra regionda kommunikasiya xətlərinin açılması ilə bağlı yaranan yeni situasiya müxtəlif dövlətlərin maraqlarının toqquşduğu həssas məqama çevrilib.

Bu kontekstdə ABŞ-nin Ermənistanın Sünik vilayətindən keçən 42 km-lik yolun icarəyə götürülməsi təklifi geniş rezonans doğurdu. Rəsmi İrəvan bu təklifi qəbul etmədi və bu qərarın arxasında həm daxili siyasi mülahizələr, həm də xarici təsirlər dayanır. Məsələ təkcə bir yolun istifadəsi ilə məhdudlaşmır - bu, regionun gələcək geosiyasi konfiqurasiyasını formalaşdıracaq qərarlardan biri ola bilərdi. Ermənistanın bu təklifə “yox” deməsi onun regional və beynəlxalq balans siyasətinin, eləcə də daxili siyasi realıqlarının birbaşa nəticəsidir.

Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Kazım Kazımov bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı regional dinamikanı analiz edərkən, Ermənistanın ABŞ tərəfindən irəli sürülən Sünik bölgəsindəki 42 km-lik yolun icarəyə verilməsi təklifini rədd etməsi bir sıra mühüm faktorların nəticəsi kimi qiymətləndirilməlidir. Bu qərar təkcə texniki və ya hüquqi məsələ deyil, həm də ciddi geosiyasi çəkişmələrin və daxili siyasi təlatümlərin göstəricisidir:

"Ermənistan hələ də Rusiya ilə hərbi, iqtisadi və siyasi baxımdan dərin bağlılığa malikdir. Zəngəzur dəhlizi məsələsində Rusiya ilə paralel olaraq İran da bu layihənin reallaşmasına qarşı çıxır. ABŞ-nin bu bölgədə aktivləşməsi, Tehran və Moskvanın regionda maraqlarına ziddir. Məhz bu səbəbdən Ermənistanın ABŞ təklifini qəbul etməsi həm Rusiya, həm də İranla münasibətlərin kəskin şəkildə gərginləşməsi riskini daşıyırdı. İran xüsusilə bu dəhlizin açılmasını öz milli təhlükəsizliyinə təhdid kimi görür və Ermənistanın bu təklifi qəbul etməsi halında daha sərt və aqressiv mövqe nümayiş etdirə bilərdi".

Kazım Kazımov, politoloq

Onun sözlərinə görə, Ermənistanın bu qərarında başqa bir önəmli səbəb Azərbaycanın bu layihədə həlledici rola malik olmasının qarşısını almaq niyyəti dayanır. Yəni, dəhliz ideyasının həyata keçməsi halında proseslərin Azərbaycanın nəzarətində baş verməsi ehtimalı İrəvan üçün qəbuledilməzdir. Ermənistan çalışır ki, bölgədə hər hansı kommunikasiya layihəsi öz nəzarəti altında həyata keçirilsin və Azərbaycanın tranzit üstünlüyü minimuma endirilsin:

"ABŞ-nin təklifi qəbul edilsəydi, bu addım daxildə Paşinyan hökumətinə qarşı olan qüvvələr tərəfindən hakimiyyətə təzyiq vasitəsinə çevriləcəkdi. Ermənistan cəmiyyətində və müxalifət dairələrində bu layihə “torpaq güzəşti” və ya “suverenliyin pozulması” kimi təqdim edilə bilərdi. Belə bir fonda qərarın qəbul edilməsi, Paşinyan hökumətinin legitimliyinə və siyasi dayaqlarına ciddi zərbə vuracaqdı. Müxalifət bu addımı istifadə edərək xalqı küçələrə səsləyə, hökumətin zəifliyini qabarda bilərdi".

Siyasi şərhçi onu da diqqətə çatdırıb ki, tarix boyu regional güclər arasında “oyun sahəsi” rolunu oynayan Ermənistan, bu təklifdə də gələcək suverenlik təhlükəsini görmüş ola bilər. Arxivdən çıxarılan bu layihənin yenidən gündəmə gəlməsi və ABŞ-nin bu formada bölgəyə daxil olmaq istəyi, Ermənistan üçün uzunmüddətli strateji risk kimi qiymətləndirilir.


MANŞET XƏBƏRLƏRİ