Ərdoğan Putin və Trampla İstanbul görüşünü müzakirə edəcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və amerikalı həmkarları Vladimir Putin və Donald Trampla İstanbulda Ukrayna üzrə liderlərin görüşünün mümkünlüyü barədə telefonla danışmağı planlaşdırdığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların üçüncü raundunun nəticələrini şərh edərkən jurnalistlərə açıqlamasında deyib: "Biz bu həftə Putin və Trampla liderlərin görüşünün İstanbulda keçirilməsi imkanlarını müzakirə etmək üçün danışıqlar apara bilərik. Biz bunun üçün çalışacağıq".

Ərdoğanın sözlərinə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan onun tapşırığına əsasən Çırağan sarayında keçirilən danışıqlarda iştirak edib. "Çırağandakı görüşü mənim adımdan xarici işlər nazirim keçirdi", - deyən Türkiyə prezidenti Ukrayna nümayəndə heyətini danışıqlar üçün İstanbula uçmazdan əvvəl Ankarada özü qəbul etdiyini bildirib.

İyulun 23-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib. Görüşdən əvvəl tam tərkibdə nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov təkbətək söhbət ediblər. Danışıqlar tam həcmdə təxminən 40 dəqiqə davam edib, bu müddət ərzində tərəflər memorandum layihəsində nəzərdə tutulan mövqeləri müzakirə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ