ABŞ-nin növbəti güc oyunu: İran və Ermənistan arasında “Tramp körpüsü” qurulur


Əldə olunan məlumatlara əsasən, İranın “Zirnevisnews” portalı yazır ki, Rusiya və İspaniya mənbələri – “İzvestiya” və “Periodista Digital” Ermənistan, Azərbaycan və ABŞ arasında Zəngəzur dəhlizi ilə bağlı “məxfi razılaşma” əldə olunduğunu iddia edir. Məlumata görə, tərəflər arasında “Tramp körpüsü” adlandırılan 42 kilometrlik nəqliyyat dəhlizinin yaradılmasına dair Anlaşma Memorandumu razılaşdırılıb. Bu razılaşma bölgədə yeni siyasi və iqtisadi düzənin xəbərçisi ola bilər.

Turkustan.az Yenisabah.az-a istinadən xəbər verir ki, ekspertlərin fikrincə, bu dəhlizin açılması İran üçün həm iqtisadi, həm də geosiyasi baxımdan ciddi itkilərlə nəticələnə bilər. Uzun illərdir Cənubi Qafqazda əsas tranzit rolunu oynayan İran, Zəngəzur dəhlizinin işə düşməsi ilə bu mövqeyini itirə bilər. Beləliklə, İranın Ermənistan və Gürcüstana olan nəqliyyat üstünlüyü zəifləyəcək, bu isə ölkənin bölgədəki təsir dairəsini daraldacaq.

Həmçinin, bu dəhliz Türkiyə ilə Türk dünyasını birləşdirəcək əsas bağlantılardan biri kimi çıxış edəcək ki, bu da İran üçün əlavə narahatlıq doğurur. Tehran Türkiyənin regionda artan nüfuzunu strateji təhlükə kimi görür və Zəngəzur dəhlizi bu prosesə güclü təkan verə bilər.

Digər tərəfdən, ABŞ-ın bu prosesdə iştirak etməsi İranın maraqları ilə birbaşa ziddiyyət təşkil edir. Tehran Vaşinqtonun bölgədəki mövqelərinin güclənməsindən çəkinir və bu dəhliz, ABŞ-ın İranı siyasi və iqtisadi baxımdan daha da təcrid etmək planlarının bir hissəsi kimi qiymətləndirilə bilər.

Ermənistan üçün bu razılaşma bir sıra üstünlüklər vəd edir. Əgər Zəngəzur dəhlizi beynəlxalq zəmanətlərlə açılarsa, bu ölkənin tranzit imkanları artacaq, iqtisadi canlanma baş verəcək və beynəlxalq layihələrə inteqrasiya imkanları genişlənəcək.

Bundan əlavə, ABŞ və digər Qərb ölkələrinin bu layihədə iştirakı Ermənistanın Qərblə münasibətlərini daha da yaxınlaşdıra bilər. Ermənistan uzun müddətdir ki, Rusiya ilə balanslı siyasət aparmağa çalışırdı. Zəngəzur dəhlizi və bu çərçivədə əldə olunan anlaşma isə Yerevan üçün Qərbə inteqrasiya baxımından yeni mərhələ ola bilər.

Azərbaycan bu dəhliz vasitəsilə əsas məqsədini – Naxçıvana birbaşa quru əlaqəsinin yaradılmasını reallaşdıra bilər. Bu, təkcə ölkədaxili birləşməni təmin etmir, həm də Bakı üçün bölgədə logistik mərkəzə çevrilmək imkanı yaradır. Naxçıvana çıxış Azərbaycanın iqtisadi və hərbi-strateji mövqeyini gücləndirəcək.

Eyni zamanda, bu dəhliz Asiya ilə Avropa arasında mühüm tranzit yoluna çevrilə bilər. Bu isə Azərbaycanın beynəlxalq nəqliyyat layihələrində rolunu artıracaq və regional aktor kimi əhəmiyyətini daha da möhkəmləndirəcək.

ABŞ-nin bu layihədə iştirakı diqqətçəkicidir. Vaşinqtonun əsas məqsədi bölgədə Rusiya və İranın təsirini zəiflətmək, həmçinin Çinlə geoiqtisadi rəqabətdə alternativ marşrutlar yaratmaqdır. Bu kontekstdə Zəngəzur dəhlizi ABŞ üçün strateji əhəmiyyət kəsb edir.

ABŞ eyni zamanda Ermənistanı Qərb orbitinə çəkmək, ölkəni Rusiyadan və İrandan uzaqlaşdırmaq istəyir. Bu, Yerevana təhlükəsizlik zəmanətləri, siyasi dəstək və iqtisadi imkanlar təklif etməklə baş verir.

Əgər iddia edilən razılaşma həqiqətdirsə, bu, bölgədə mövcud geosiyasi balansı ciddi şəkildə dəyişə bilər. İran üçün bu razılaşma təzyiq, Ermənistan üçün fürsət, Azərbaycan üçün isə strateji qələbə anlamına gəlir. ABŞ isə bu yolla həm regionda mövqelərini gücləndirmək, həm də İran və Rusiya təsirini aradan qaldırmaq məqsədinə yaxınlaşmış olacaq. İran mediasının məsələni qabartması da bu narahatlığın və mümkün geosiyasi itkilərin bariz göstəricisidir.


MANŞET XƏBƏRLƏRİ