Zelenski: Bizə rəhbərlik səviyyəsində görüş gündəliyi lazımdır


Ukrayna Prezidenti Vladimir Zelenski, müharibənin sona çatması üçün siyasi liderlərin birbaşa danışıqlar aparmasının vacibliyini vurğulayıb.

Turkustan.az xəbər verir ki, Kiyevdə keçirdiyi mətbuat konfransında çıxış edən Zelenski, iki gün əvvəl İstanbulda Türkiyənin ev sahibliyi etdiyi Türkiyə–Rusiya–Ukrayna üçtərəfli görüşünü və digər regional hadisələri dəyərləndirib.

Prezident bildirib ki, Ukrayna danışıqlar qrupu ilə görüş keçirib və İstanbul danışıqları ilə bağlı hesabat ona təqdim olunub. Zelenski qeyd edib ki, bu görüşlərdə Rusiya ilə yeni əsir mübadiləsi mövzusunda razılıq əldə olunub:

"Daha geniş miqyaslı mübadilələrlə bağlı razılaşmalar var. Ümid edirəm ki, daha çox əsgərimizi əsirlikdən azad edə biləcəyik. Hazırda 1200 əsgərin geri qaytarılması ilə bağlı razılaşma mövcuddur."

Zelenski həmçinin Rusiya tərəfinə müharibənin dayandırılması üçün liderlər səviyyəsində bir görüşün İstanbulda keçirilməsini təklif etdiklərini bildirib:

"Biz müharibəni bitirməliyik. Bu, çox güman ki, liderlərin görüşü ilə başlaya bilər. Bizə bu məqsədlə konkret gündəliyə sahib olan bir liderlər görüşü lazımdır. Biz bu mövzunu həmişə açıq şəkildə gündəmə gətirmişik. İndi ruslar artıq bizimlə bu barədə danışmağa başlayıblar. Bu, mümkün görüş formatına doğru atılmış önəmli bir addımdır."

Zelenskinin açıqlamaları, müharibənin diplomatik yollarla həlli üçün yeni imkanların yaranması baxımından diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ