Dünya liderləri İlham Əliyevi təbrik edir


Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Turkustan.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Malta Prezidenti Miriam Spiteri Debono Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Turkustan.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Diplomatik əlaqələrin qurulduğu 1995-ci ildən bəri ölkələrimiz arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan davamlı dostluq münasibətləri daha da möhkəmlənib. Ölkələrimiz arasında çox böyük coğrafi məsafənin olmasına baxmayaraq, əminəm ki, Malta Respublikası və Azərbaycan Respublikası bundan sonra da ikitərəfli əməkdaşlığın möhkəmlənməsini dəstəkləyəcək. Bu, ölkələrimiz arasında münasibətlərin 30-cu ildönümünə doğru irəlilədiyimiz bir zamanda daha böyük əhəmiyyət kəsb edir.

Malta Şərq Tərəfdaşlığı kimi regional dialoq çərçivələri vasitəsilə Azərbaycanla əməkdaşlığı davam etməyi səbirsizliklə gözləyir. Bu, Avropa İttifaqı və onun Şərq tərəfdaşları, o cümlədən Azərbaycan Respublikası arasında daha sıx konstruktiv əməkdaşlıq istiqamətində nadir struktur olaraq qalır.

Beynəlxalq ictimaiyyətin bütün dünyaya öz təsirini göstərən mühüm çağırışlarla üzləşdiyi bir vaxtda Malta Respublikası çoxtərəfli və qlobal həlləri qəti şəkildə dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün seçilmiş üzvü kimi Malta çoxtərəflilik dəyərlərini qoruyub saxlamaq məqsədilə beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına sadiq qalır. Buna görə də ortaq maraq doğuran məsələlərin həlli məqsədilə ölkələr arasında siyasi etimadın və iradənin həyata keçirilməsi üçün fəal şəkildə səylərimizi davam etdirməyimiz vacibdir. Belə bir dönəmdə Malta qlobal çağırışların qlobal həllərə ehtiyacı olduğuna inanır.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Turkustan.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri əsasında mövcud olan xüsusi münasibətlərimizə böyük dəyər verirəm. Əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında bütün sahələrdə əlaqələri genişləndirməkdə və şaxələndirməkdə Siz də mənim qədər maraqlısınız".

***

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Turkustan.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Monqolustan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsindən məmnunluğumu bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, bu il Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərimizi çatdırır və tədbirin uğurlu olmasını arzulayıram.

Zati-aliləri, Monqolustanın COP29-a töhfə verəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, dost Azərbaycan xalqına isə rifah diləyirəm".

***

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Turkustan.az təbrikin mətnini təqdim edir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi təbrik edirəm.

Bu gün müstəqil Azərbaycanın özünün müasir tarixində həm əhalinin rifah halının yüksəldilməsində, həm də güclü dövlətin qurulmasında əldə etdiyi böyük uğurların şahidi oluruq. Azərbaycan hazırda beynəlxalq arenada sanballı yerə malikdir. Azərbaycanlı qardaşlarımızın uğurlarına həmişə şadıq.

Əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri iki xalqın rifahı naminə gələcəkdə də ardıcıl inkişaf edəcəkdir.

İcazə verin Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayım".

***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmən xalqının Milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.

Turkustan.az təbrikin mətnini təqdim edir:

Sərdar Berdiməhəmmədov:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və Sizin simanızda bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu ilə inamla addımlayır, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır.

Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluğa, dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".

Qurbanqulu Berdiməhəmmədov:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Hazırda Azərbaycan malik olduğu böyük potensialdan bəhrələnərək müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Ölkənin bütün dünyada getdikcə artan nüfuzu bunun sübutudur.

Türkmənistanda Azərbaycan Respublikası ilə çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın dostluğu və qardaşlığı gələcəkdə də Türkmənistan-Azərbaycan məhsuldar münasibətlərinin təkmilləşdirilməsinə kömək edəcəkdir.

Bu fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

***

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Turkustan.az təbrikin mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Biz 30 ildən artıqdır ki, Azərbaycanın dünya səviyyəli layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməklə ölkənin enerji sektorunun bir hissəsi olmaqdan böyük qürur duyuruq.

BP şirkəti Azərbaycanla səmərəli əməkdaşlığın davamlı olaraq genişləndirilməsinə böyük əhəmiyyət verir və bu tərəfdaşlığın daha da möhkəmlənməsinə ümid edir.

Zati-aliləri, Sizi bu əlamətdar bayram münasibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə daimi rifah və inkişaf arzulayıram”.

***

Koreya Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Turkustan.az təbrikin mətnini təqdim edir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin inkişaf edərək xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirəcəyinə ümidvaram.

Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi rifah arzu edirəm".

***

Xorvatiya Prezidenti Zoran Milanoviç Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Turkustan.az təbrikin mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik sıx əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək istiqamətində çalışmağa davam edəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Turkustan.az təbrikin mətnini təqdim edir:

"Zati-aliləri.

Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Bu gün Azərbaycan inkişaf yolu ilə inamla addımlayır, qlobal arenada mövqelərini möhkəmləndirir və beynəlxalq səviyyədə tanınmış ərazilərini geri qaytarıb. Rusiya Federasiyası ilə müharibə məcburiyyətində qalan Ukrayna da buna can atır.

Ukrayna və Azərbaycanın bir-birinin müstəqilliyi və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəkləməsi son dərəcə vacibdir. Fürsətdən istifadə edərək Ukrayna üçün həlledici məqamda göstərilən köməyə görə, cənab Prezident, Sizə və Azərbaycan xalqına minnətdarlığımı bildirirəm.

Qarşılıqlı maraq doğuran bütün sahələrdə Ukrayna-Azərbaycan tərəfdaşlığının möhkəmlənməsinə töhfə verən şəxsi konstruktiv dialoqumuzu yüksək qiymətləndirirəm. Ona görə də mən Sizin cari ilin iyun ayında İsveçrədə keçiriləcək birinci Sülh Sammitində iştirakınıza, eləcə də Azərbaycanın Ukraynanın Sülh Formuluna fəal şəkildə qoşulacağına ümid edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Turkustan.aztəbrikin mətnini təqdim edir:

"Hörmətli Prezident.

Azərbaycanın Müstəqillik Gününün ildönümünün qeyd olunması münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyur, ölkənizə tərəqqi və firavanlıq arzulayıram.

Ölkələrimizi möhkəm dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dost ölkələrimiz arasında dinamik inkişaf edən münasibətlər xalqlarımızın ümumi maraqları naminə birgə fəaliyyətimiz və səmərəli əlaqələrimiz sayəsində bundan sonra da ardıcıl şəkildə möhkəmlənməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə olan ən yüksək ehtiramımla yanaşı, səmimi salamlarımı, möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbaycan xalqının davamlı rifahı, tərəqqisi ilə bağlı ən xoş arzularımı da qəbul etməyinizi xahiş edirəm".

***

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Turkustan.az təbrikin mətnini təqdim edir:

"Hörmətli İlham Heydər oğlu.

Qazaxıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Respublikanızın suveren inkişafı tarixində əlamətdar olan bu gün azərbaycanlıların xüsusi qürur mənbəyidir, ölkənin birliyini və həmrəyliyini, davamlı inkişaf və tərəqqi yolu ilə inamlı irəliləyişini təcəssüm etdirir.

Azərbaycanın dövlətçilik əsaslarının və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi üzrə böyük nailiyyətlər bu tarixi günü xüsusi rəmzlə tamamlayır.

Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər. Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə milli lider kimi fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram".

***

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Turkustan.az təbrikin mətnini təqdim edir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.

Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".

***

Niderland, Belçika və İspaniya kralları Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik ediblər.

Turkustan.az təbriklərin mətnini təqdim edir:

İspaniyanın Kralı VI Felipe:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, sevimli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".

Belçikalıların Kralı Filip:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi, cansağlığı, əmin-amanlıq arzularımı çatdırıram".

Niderlandın Kralı Villem-Aleksandr:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi bildirir və Azərbaycan xalqına firavanlıq arzu edirəm".


MANŞET XƏBƏRLƏRİ