Xeyransa Qocayeva
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun elmi işçisi
Qazax rayonu Azərbaycan Respublikasının Qərb bölgəsində yerləşir. Qədim insan məskənlərindən hesab olunan Qazaxın ərazisi adamı heyrətə gətirən sirli-soraqlı tarixi abidələrlə zəngindir. Bu abidələrin hər biri təbii quruluşu, insanlara gərək olması və haqqında düzülüb-qoşulmuş əfsanə, rəvayət və nağıllarla tanınır, yaşayır öz ömrünü uzadır. Bu abidələrin qorunması təbliği məqsədilə rayon ərazisində 1989-cu il 22 fevral tarixində Azərbaycan Nazirlər Sovetinin 99 №-li qərarı ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu yaradılmışdır. Nazirlər Sovetinin qərarı ilə qoruğa 3613 hektar ərazi ayrılmşdır.
Qoruq ərazisində aparılan arxeoloji tədqiqatlara əsasən bu ərazilərdə qədim paleolit, mezolit, eneolit, orta əsr, tunc, mis dövrlərinin və sonrakı tarixi əsrlərin mədəniyyət abidələri aşkar edilmişdir.
Azərbaycanın coğrafi mövqeyi və təbii zənginlikləri memarlığın təşəkkülünə və inkişafına müsbət təsir göstərən amillərdəndir. Belə ki, qədim zamanlarda bu ərazilərin dağlarında təbii mağaralarda məskən salmış insanların zaman keçdikcə inkişaf edərək daha rahat və şəraitli həyat tərzi yaşamaq üçün yaşadqıları yerləri tərk etmişdirlər. Bizə qədərki nəsillər özlərinin varlığını bir sıra maddi-mədəniyyət abidələri yaratmaqla təsdiqləyiblər. Həmin abidələr sırasında memarlıq nümunələri mühüm yer tutur.
Coğrafi mövqe və təbii zənginliklər hər zaman memarlığın təşəkkülünə və inkişafına müsbət təsir göstərmiş amillərdən biri olmuşdur. Hər bir xalqın özünə məxsus memarlıq tarixi vardır.
Memarlıq sənət ibtidai insanların məskunlaşdıqları təbii mağaralardan başlayaraq bu günümüzə qədər inkişaf yolu keçib. İnsanın yaşayış tarixi mağaralardan başlayıb desək daha doğru olardı. Mağaralar ilk insan məskəni, sığınacağı olduğundan, onun yaranmasında zehni və fiziki əmək sərf edilib. Ona görədə onlar ilk memarlıq nümunələri sayılır.
Daha sonra incəsənətin inkişafı ilə memarlıq nümunələri də inkişaf etməyə başladı və ayrıca sənət növü kimi bu günümüzə qədər gəlib çatmışdır. Bu sənət növlərindən biri də həkkaklıq sənətidir.
Həkkaklıq sənəti qədim Azərbaycanda təsviri sənətin inkişafını və səciyyəvi xüsusiyyətlərini əyani surətdə göstərən mötəbər amillərdəndir
Qədim azərbaycanlılar e.ə. I minilliyin ilk əsrlərindən etibarən həkkaklıq texnikasına yaxşı bələd idilər. Yerli ustaların yaratdıqları ilk həkkaklıq nümunələri e.ə.IV–III əsrlərə aiddir. Bunlar çaxmaqdaşı kimi adi daşlar üzərində cızılmış sxematik rəsimlərdən ibarətdir.
Daşın üzərində oyma üsulu insan, heyvan və başqa təsvirlər həkk etmək XII-XV əsrlərin dekorativ tətbiqi sənətləri üçün səciyyəvidir. Son orta əsrlərin daş üzrə oyma sənətinin çoxsaylı nümunələrinə məzarüstü xatirə abidələrində - başdaşlarında, sənduqələrdə rast gəlinir. Onların bədii tərtibatında həndəsi naxışlardan daha çox “səlcuq zənciri”, astral elementlər, xətli ornamentlər, nəbati naxışlardan qıvrılan, açılan budaqlar, onların üzərində yerləşən yarpaq, qönçə və çiçəklər başlıca rol oynayır.
Daş üzərində oyulmuş bəzək nümunələrinə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialının ərazisində olan məzar daşında da rast gəlinir. Tədqiqatçıların fikrincə üzərində xaç və ornomentlər həkk olunmuş bu məzar daşı Qafqaz Albaniyası dövrünə aiddir. Qəbir daşının üzərindəki Xaçın qollarında üç ləçəkli naxış işlənmişdir. Xaçın qollarındakı üç ləçək “Humay” ilahəsinə aid olunmaqla Oğuz türklərinə mənsubdur. Ay ilahəsi “Humay” məhəbbət, bərəkət, sağlamlıq rəmzidir. Bu rəmz vaxtilə Babilistanda, Aşurda, Azərbaycanda geniş yayılmışdır.
Qəbirdaşları dəfn olunan şəxsin həyatda, cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq müxtəlif səpkidə, formada və məzmunda bəzədilərdi.
Məzar daşları üzərindəki epitafiyalar təkcə məzmunu ilə deyil, həm də əksər hallarda yüksək bədiiliyi ilə göz oxşayırdı.
Sosial bərabərsizlik yaranan dövrdən etibarən qəbilə və dövlət başçılarının, varlı şəxslərin məzarı daha dabdəbəli və xüsusi olaraq işlənmişdir. Zaman keçdikcə dəfn olunmuş şəxsin peşəsini əks etdirən qəbir daşları da formalaşmağa başlamışdır. Məsələn vəfat edən şəxs gənc və qəhrəman biri idisə onun qəbir daşında gəncliyi, şücaəti əks etdirən qılınc, qalxan, at, qoç, qartal və s. təsvir edilirdi. Əgər qəbir daşında qayçı, iynə, sap kimi elementlərin rəsmi var idisə bu adam peşəsinə görə dərzi sayılırdı.
Növbəti tarixi mərhələdə isə qəbir daşları üzərində islamı təmsil edən ay, ulduz və s. naxışları görmək olar. Bundan əlavə qəbirüstü daşlarda vəfat edən şəxsin arzuları, fəlsəfi kəlamları, bayatı və şeir nümunələri görmək mümkündür.
Tarixdən məlumdur ki, qoç heykəlləri, qəbirüstü abidələr, daş üzərində oymalar, “Çərxi-fələk”-svastikalar türk elində həmçinin Azərbaycan Türk yurdlarında qədim və orta əsrlərdə mifoloji və dini baxışlarla bağlı olmuşdur. Bunlar həm xalqımızın qədim mədəniyyətindən nümunələr, həm də estetik təsir bağışlayan sənət əsərləridir. Türk tayfalarında, qoç var-dövlətdən əlavə həmçinin qoçaqlıq igidlik mənasını ifadə etdiyi üçün əvvəllər sərkərdələr, igid döyüşçülər, zadəgan əsilli insanların məzarları üzərində bir simvol olaraq qoyulmuşdur. Qoç daşları Qaraqoyunlu və Ağqoyunlu tayfaları ilə bağlılığı şübhə doğurmur və bu tayfaların Azərbaycanda hakimiyyətə gəlişi ilə bir sıra qədim dini inancların, ənənələrin dirçəlişi baş vermiş, keçmişdə xalq inamlarında totem xarakteri daşıyan qoç fiqurları qəbirüstü abidə kimi geniş yayılmışdır.
Ümumiyyətlə, tədqiqatçılar qoç heykəllərin qəbirüstü abidə kimi qoyulması adətinin qədim türk tayfalarından ilk dəfə oğuzlarda meydana gəldiyini bildirirlər.
Azərbaycanda qoç fiqurlu məzar daşlarından sonra ən çox yayılmış fiqur at fiquru olmuşdur. Bu da ulu babalarımızın qoçla birlikdə atı da müqəddəs bir heyvan saydıqlarını göstərir. “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Göyəzən” filialının ərazisində qədim yaşayış məskəni olmuş Tağarbəyli kənd qəbiristanlığında yerləşən at fiquru yerli bərk boz daşdan hazırlanmışdır. Bu at fiqurunun üstündə qabarıq səpkidə yəhər yonulmuşdur. Bundan əlavə atın üzərində saçaqlı çul və atçılıqda istifadə olunan qoşqular (yüyən, cilov, üzəngi, və s) təsvir edilmişdir.
Daşdan yonulmuş at fiqurlarının Azərbaycanın müxtəlif yerlərində ayrı-ayrı vaxtlarda müxtəlif sənətkarlar tərəfindən hazırlanmasına baxmayaraq onları-bir-birinə bənzədən çoxlu əlamətlər var. Bu əlamətlər özünü onların ümumi ölçüsündə statik ifasında və xüsusilə dekorativ bəzəklərində biruzə verir.
Müxtəlif dövrlərə aid olan, nəsildən-nəsilə qorunub-saxlanılaraq bu günümüzə qədər gəlib çatan bir çox maddi-mədəniyyət nümunələri vardır. Tarixin qədimliyini sübut edən bu abidələr arasında daş kitabələr daha çox üstünlük təşkil edir. Hələ qədim dövrlərdən başlayaraq insanlar öz inanclarını, dini görüşlərini, onlar üçün əsas və lazım olan məlumatları, tarixi hadisələri kağız, gil lövhə, dəri, həmçinin daşların üzərində də həkk ediblər.
Bəşəriyyətimizin qədim zəngin tarixi abidələrindən sayılan bu yazılı kitabə sənduqələrdən bir neçəsi də “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində yerləşmişdir. Bu sənduqələrin sayı 3 ədəddir. Yerli boz daşdan hazırlanmış bu sənduqələr qoruğun “Damcılı” filialının ərazisinə daxildir. Daş Salahlı kənd qəbiristanlığında yerləşir. Yerli əhəmiyyətli, dekorativ tətbiqi sənət nümunəsidir. Bu qəbir daşlarının üzərində heç bir oyma, naxış, bəzək və digər elemetlər yoxdur. Həmin sənduqələrin alt hissəsində düz lay daş yerləşdirilmiş, üzərinə qabarıq daşla forma verilmişdir.
Bir sözlə, daşların üzərinə həkk olunan hər bir yazı hər bir naxış xalqımızın daş yaddaşıdır. Ümumiyyətlə tarixi abidələri qorumaq, gələcək nəsillərə çatdırmaq isə hər birimizin vətəndaşlıq borcudur.
Azərbaycan ərazisində tapılmış həkkalıq nümunələri qəbirüstü abidələr, daşdan yonulmuş fiqurlar e.ə. I min illiyin başlanğıcından eramızın XX əsrinə qədər olan uzun bir dövrün müxtəlif mərhələlərində yaradılmışdır. Qoç və at fiqurları tarixi dövrünə, hazırlanma materialına, metoduna, üzərində işləmələrinə, yazılarına və mövcud coğrafi əraziyə görə bir-birindən fərqlənir. Qoçu keçmişdə bərəkət və igidlik rəmzi kimi də dəyərləndirirdilər. Atı da azadlıq və güc, dostluq, sədaqət, qəhrəmanlıq, igidlik, rifah və zənginlıik kimi qiymətləndirirdilər.
“Qoçum mənim”, “Qoç döyüşünə qoç gərək”, İki qoçun başı bir qazanda qaynamaz”, “Atını yoldaş seçən tək qalmaz”, “At yolda tanınar, dost darda” “Atına bax sahibini tanı” bu kimi ifadələr Azərbaycan foklorunda, ictimai-sosial həyatında da öz yerini tutub.
Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şəraitin olmasıdır. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Keçmişdə xalqımızın həyat və məişətində mühüm rol oynayan at və qoç yalnız qəbirdaşlarında yox başqa sənət nümunələrində də öz əksini tapmışdır. Qoça və qoç buynuzuna, ata münasibət Mesopotamiya (Şumer), indiki Türkiyə, Azərbaycan, Tuva, Orta Asiya, Şimali Qafqaz ərazilərində də tarixən mövcud olub. Qoç fiqurları tarixi dövrünə, hazırlanma materialına, metoduna, üzərində işləmələrinə, yazılarına və mövcud coğrafi əraziyə görə bir-birindən fərqlənir. At fiqurları isə qədim türklərdə, Şaman inanclarında geniş istifadə olunmuşdur. Qəbirstanlıqlarda yerləşən at fiqurları isə sədaqətli yoldaş və döyüşçünün ayrılmaz bir hissəsi kimi simvolizə olunmuşdur. Bütün bunlar göstərir ki, qədim türk mədəniyyəti türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin ortaq mədəniyyətidir.
Memarlıq, oyma üsulu, qoç heykəli, at heykəli, sənduqə.
Qazax rayonunun ərazisində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun ərazisində aşkarlanmış qədim memarlıq və tətbiqi sənət nümunələrinin xüsusilə daşdan yonulmuş qəbirüstü sənduqələr, daş qoç və at fiqurları araşdırılmışdır, tarixi, dini əhəmiyyəti vurğulanmışdır. Bu sənətkarlıq nümunələri Azərbaycan ərazisinin qədim dövrlərdən bu günə kimi xüsusi yaşayış məskəni olduğunu, müxtəlif sənətkarlıq növlərinin inkişafının əyani sübutudur. Qoruq ərazisində yerləşən həmin abidələr Azərbaycan xalqının estetik görüşlərini, dini-mifoloji təsəvvürlərini, sosial və mədəni həyat tərzini əks etdirən nümunələrdəndir. Qədim türk mədəniyyətinin irsini daşıyan bu daş fiqurlar milli irsimizin qorunması, təbliği baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Media istiqaməti: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
QEYD: Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunur