Zülfüqar Hüseynzadənin yadigarı "Moderator.az" 14 YAŞINDA - MÜSAHİBƏ


Azərbaycanın internet media məkanında özünəməxsus yer tutan Moderator.az xəbər portalının fəaliyyətə başlamasından 14 il ötür. 2012-ci il noyabrın 1-də tanınmış jurnalist Zülfüqar Hüseynzadə tərəfindən əsası qoyulan portal bu gün də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatını ardıcıl şəkildə işıqlandırır, aktual məsələləri ictimai müzakirəyə çıxararaq informasiya gündəminin formalaşmasında fəal iştirak edir.

Oxu24.com-un əməkdaşı yubiley münasibətilə Moderator.az-ın yaranma tarixini, keçdiyi inkişaf mərhələlərini, təsisçisi mərhum jurnalist Zülfüqar Hüseynzadənin jurnalistika irsini, eləcə də portalın gələcək inkişaf istiqamətlərini və yeni layihələrini müzakirə etmək məqsədilə Moderator.az-ın direktoru Əli Hüseynli ilə həmsöhbət olduq. O, portalın fəaliyyət tarixinin böyük bir hissəsində bu media qurumunun inkişafı üçün çalışıb və onun mühüm mərhələlərinin iştirakçısı olub.

– Moderator.az-ın 14 illik fəaliyyət yolunu və Azərbaycan mediasındakı mövqeyini necə qiymətləndirirsiniz? Portalın əsas fərqləndirici xüsusiyyətləri nələrdir?

– Moderator.az fəaliyyətə başladığı ilk gündən operativ informasiya yayımını, cəmiyyəti düşündürən məsələlərin gündəmə gətirilməsini, fərqli mövqelərin təqdim olunmasını və ictimai müzakirələrin təşviqini əsas fəaliyyət prinsipləri kimi müəyyənləşdirib.

Qarabağ münaqişəsi, Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, şəhid ailələri və qazilərlə bağlı məsələlər də daim diqqət mərkəzimizdə olub. Müharibə və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dezinformasiyalara qarşı mübarizə və informasiya təhlükəsizliyinə töhfə vermək əsas prioritetlərimizdən olub.

Hazırda Moderator.az Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Portal 2022-ci il noyabrın 1-də, fəaliyyətinin 10-cu ildönümündə Media Reyestrinə daxil edilib.

Sonrakı illərdə isə Moderator.az Azərbaycan Respublikası Media və Yayım Şurasının (əvvəlki Medianın İnkişafı Agentliyinin) onlayn media subyektləri üçün təşkil etdiyi müsabiqələrin qalibləri sırasında yer alaraq media dəstəyi proqramlarından da iştirak edib.

Bütün bunları 14 illik fəaliyyətimizin mühüm nəticələri hesab edirəm. Ancaq bizim üçün ən böyük dəyər illər ərzində oxucularımızla qurduğumuz etimad münasibətidir.

-Moderator.az-ın fəaliyyətə başlamasından 14 il ötür. Siz isə artıq 12 ildir ki, bu kollektivin bir üzvüsünüz. Sayta gəlişiniz, Zülfüqar Hüseynzadə ilə birlikdə fəaliyyətiniz necə başladı?

-Hər şeydən əvvəl qeyd etməliyəm ki, Zülfüqar Hüseynzadə mənim qohumum- dayımdır. Moderator.az-da fəaliyyətə 12 il əvvəl başlamışam. Həmin dövrdə mərhum Zülfüqar müəllim kifayət qədər çətin və gərgin bir mərhələdən keçirdi. Saytın o həmtəsisçilərindən olan jurnalist Pərviz Həşimli həbs olunmuş, Moderator.az-a qarşı təzyiq və təqiblər başlamışdı. Baş verənləri aydınlaşdırmaq, vəziyyətdən çıxış yolu tapmaq heç də asan deyildi. Ümid işığının çox az göründüyü, jurnalistin özünü və qələmini qorumasının belə böyük cəsarət tələb etdiyi bir dövr idi.

Belə bir şəraitdə Zülfüqar Hüseynzadə mübarizədən geri çəkilmək niyyətində deyildi. O, bütün məsuliyyəti öz üzərinə götürmüş, cəmi bir-iki nəfərdən ibarət kiçik komanda ilə böyük bir yükün altına girmişdi.

Mən həmin vaxt hərbi xidmətdən yenicə qayıtmışdım. Zülfüqar müəllim məni qarşısına oturdub söhbət etdi. Düzünü desəm, o zaman danışdıqlarının əhəmiyyətini və üzərimizə düşən məsuliyyətin miqyasını tam dərk etmirdim. Ancaq sonralar günün böyük bir hissəsini onunla birlikdə keçirir, müxtəlif məsələləri müzakirə edir, işin incəliklərini öyrənirdim. Zaman keçdikcə bu fəaliyyətin nə qədər böyük məsuliyyət tələb etdiyini daha dərindən anlamağa başladım.

Zülfüqar müəllimlə işləmək çox çətin idi, amma eyni zamanda son dərəcə maraqlı və öyrədici idi. Onun tələbkarlığı, hadisələrə yanaşması, jurnalistikaya münasibəti və prinsiplərindən geri çəkilməməsi mənim üçün əsl məktəb oldu. Zülfüqar Hüseynzadənin jurnalistika məktəbini keçmək mənə də qismət oldu. Ondan öyrəndiyim dəyərlər bu gün də işimizi qurmağın, fəaliyyətimizi davam etdirməyin əsasını təşkil edir.

-Maraqlıdır, Moderator.az adı necə yaranıb? Saytın adının seçilməsi ilə bağlı Zülfüqar müəllimin danışdığı bir xatirə varmı?

-Bəli, Moderator.az adının seçilməsi də Zülfüqar müəllimin diqqətçilliyinin və hadisələrə fərqli yanaşmasının maraqlı nümunəsidir. O, bir dəfə Amerikada seçkiqabağı təşviqat kampaniyası çərçivəsində keçirilən namizədlər debatında moderatorun fəaliyyətinə diqqət yetirir. Bu anlayış onda xüsusi maraq doğurur və həmin gecə yeni yaradılacaq saytın adının Moderator.az olması qərarına gəlir.

Zülfüqar müəllim bu əhvalatı söhbətlərimiz zamanı dəfələrlə danışmışdı. Beləcə, bu gün artıq 14 yaşını qeyd edən Moderator.az-ın adı da bir gecənin müşahidəsindən, jurnalistikaya fərqli baxışdan və Zülfüqar Hüseynzadənin yaradıcılıq təxəyyülündən doğub.

– Zülfüqar Hüseynzadənin yaratdığı media platforması bu gün də fəaliyyətini davam etdirir. Təsisçinin vəfatından sonra onun başladığı işi davam etdirmək, formalaşdırdığı peşəkar prinsiplərə sadiq qalmaq və eyni zamanda yeni dövrün tələblərinə uyğun inkişaf etmək hansı məsuliyyəti üzərinizə qoydu? Bu yolun davam etdirilməsində hansı dəyərləri dəyişməz saxlamağı vacib hesab edirsiniz?

– Təəssüf ki, artıq dördüncü ildir ki, portalın yaranma gününü onun qurucusu, ideya müəllifi və baş redaktoru Zülfüqar Hüseynzadəsiz qeyd edirik. 2023-cü il iyunun 18-də dünyasını dəyişən Zülfüqar Hüseynzadə yaratdığı media qurumunun formalaşması və inkişafı üçün ömrünün mühüm bir hissəsini sərf edib.

Moderator.az onun üçün sadəcə xəbər portalı deyil, jurnalistikaya baxışının, peşəkar fəaliyyətinin, zəhmətinin və illərlə qurduğu arzularının ifadəsi idi. O, bu platformanın fəaliyyətə başladığı ilk gündən onun inkişafı, oxucu auditoriyasının genişlənməsi və informasiya məkanında tanınması üçün böyük əmək sərf edib.

Bu gün Moderator.az-ın tarixində onun imzası, əməyi və xatirəsi yaşayır. Zülfüqar Hüseynzadənin vəfatından sonra qarşımızda dayanan əsas vəzifələrdən biri onun başladığı işi davam etdirmək, yaratdığı media ənənələrini qorumaq və bu platformanı yeni inkişaf mərhələsinə daşımaq olub.

Bu, həm də böyük mənəvi məsuliyyətdir. Çünki söhbət yalnız bir media qurumunun fəaliyyətinin davam etdirilməsindən deyil, onun təməlində dayanan ideyaların, peşəkar prinsiplərin və dəyərlərin yaşadılmasından gedir.

Təsisçinin oğlu Hüseyn Ələsgərov da bu yolun davam etdirilməsində və atasının adının yaşadılmasında mühüm yer tutur. Zülfüqar Hüseynzadənin xatirəsinin yaşadılması və onun jurnalistika irsinin gələcək nəsillərə çatdırılması məqsədilə Moderator.az tərəfindən “Zülfüqar Hüseynzadə” mükafatı təsis edilib.

Artıq ənənəvi xarakter alan müsabiqənin əsas məqsədi jurnalistlərin peşəkar yaradıcılığını stimullaşdırmaq, istedadlı qələm sahiblərini üzə çıxarmaq, onların əməyini qiymətləndirmək, araşdırma və publisistika ənənələrini təşviq etməklə Azərbaycan milli jurnalistikasının inkişafına töhfə verməkdir.

- 14 illik fəaliyyət dövründə Moderator.az-ın oxucu auditoriyasını necə xarakterizə edərdiniz? Müasir dövrdə media qurumları üçün auditoriyanı qorumaq və genişləndirmək nə dərəcədə çətindir?

- Moderator.az heç vaxt oxucu qıtlığından əziyyət çəkən sayt olmayıb. Portal fəaliyyətinin ilk illərindən etibarən birbaşa girişlər hesabına formalaşan sabit oxucu auditoriyasına malik olub. Bununla yanaşı, müxtəlif sosial şəbəkə platformalarından da səmərəli istifadə edərək yeni oxucular cəlb etməyi bacarıb. Hazırda da yüz minlərlə izləyicisi olan sosial şəbəkə kanallarımız aktiv fəaliyyət göstərir.

Amma müasir dövrdə media qarşısında duran tələblər xeyli dəyişib. Artıq yalnız operativ xəbər vermək və informasiyanı saytda yerləşdirməklə kifayətlənmək mümkün deyil. Jurnalistika rəqəmsal mühitin çağırışlarına uyğunlaşmalı, oxucunun dəyişən informasiya istehlakı vərdişlərini nəzərə almalıdır. Auditoriya ilə daim ünsiyyətdə olmaq, informasiyanı müxtəlif platformalar üçün uyğun formatlarda təqdim etmək, video məzmunun imkanlarından istifadə etmək və ən əsası, etibarlılığı qorumaq vacibdir.

Düşünürəm ki, bugünkü media üçün ən böyük sınaqlardan biri sürətlə yayılan informasiya axınında etibarlı mənbə olaraq qalmaqdır. Sürət naminə dəqiqlikdən, daha çox baxış toplamaq naminə jurnalistikanın peşəkar prinsiplərindən imtina etmək olmaz. Oxucuya yalnız xəbər çatdırmaq deyil, həm də baş verənləri düzgün anlamağa kömək etmək lazımdır.

-Müasir jurnalistikanın tələblərinə uyğunlaşmaq, dəyişən oxucu auditoriyasının maraqlarını qarşılamaq və rəqabət mühitində mövqeyinizi qorumaq üçün nə edirsiniz?

- Hesab edirəm ki, media qurumu yalnız bugünkü tələblərə uyğunlaşmaqla kifayətlənməməli, həm də gələcəyin jurnalistikasına hazırlaşmalıdır. Bu baxımdan Moderator.az-da yeni inkişaf mərhələsinə qədəm qoymaq üçün müəyyən addımlar atırıq.

Əsas istiqamətlərimizdən biri video jurnalistikanın inkişafıdır. Bu məqsədlə MOD TV layihəsi üzərində işləyirik. Məqsədimiz Moderator.az-ın informasiya imkanlarını internet televiziyası formatında genişləndirmək, ictimai-siyasi mövzuları əhatə edən müsahibələr, aktual müzakirələr və podkastlar hazırlamaqdır.

Artıq bu istiqamətdə texniki və təşkilati hazırlıqlar aparırıq. Çəkiliş və montaj imkanlarımızı genişləndirir, studiya şəraitini formalaşdırır, müasir video istehsal texnologiyalarını tətbiq etməyə çalışırıq.

İstəyirik ki, Moderator.az yalnız yazılı xəbərlərin yayımlandığı platforma kimi deyil, müxtəlif formatlarda keyfiyyətli informasiya və analitik məzmun təqdim edən müasir media qurumu kimi inkişaf etsin. Bununla yanaşı, sosial şəbəkələrdəki mövcud auditoriyamızla əlaqələrimizi daha da gücləndirmək, video məzmun vasitəsilə yeni izləyici kütləsi qazanmaq niyyətindəyik.

Əlbəttə, bütün bunların mərkəzində yenə də jurnalistikanın əsas prinsipləri dayanır. Texnologiya və təqdimat formaları dəyişə bilər, amma obyektivlik, dəqiqlik, operativlik və peşəkarlıq dəyişməz qalmalıdır.

Müsahibəni apardı:Nigar


MANŞET XƏBƏRLƏRİ