İslamla materialist ateizm və politeist dinlər arasındakı ən vacib fərqlərdən biri kainatın yaradıldığı iddiasıdır.
“Göyləri və yeri yoxdan yaradan Allahdır. O, bir işi istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar” (“Bəqərə” surəsi, 2/117).
Yaradılış ideyası kainatın mövcud olmadığı bir anı, sonra isə kainatın yaradılışı ilə bir başlanğıcının olduğunu ortaya qoyur.
Karl Marks və Fridrix Engels Tanrının, yoxsa kainatın ilk mövcud olduğunu məsələsinin idealizm (onlar bu ifadə ilə monoteist dinləri nəzərdə tuturdular) və materializm arasındakı ən fundamental problem olduğunu bildiriblər. Onlar filosofları bu sualın cavabına görə iki əsas düşərgəyə ayıra biləcəyimizi söylədilər:
Birincisi, Materialist-ateist anlayışı müdafiə edənlər iddia edirlər ki, kainat əvvəlcə mövcud olub və sonradan bu kainatda təsadüfən mövcud olan insanlar Tanrını öz təxəyyüllərinin nəticəsində uydurublar. Digər tərəfdən, monoteist dinlər Tanrının əvvəlcə mövcud olduğunu və kainatı yaratdığını deyirlər.
Nəticədə materialist-ateizm və monoteist dinlər arasındakı fundamental fərqi müəyyən edən bu sualı eyni mənanı ifadə edən iki suala sala bilərik:
1. Hansı ilk yaranıb, Tanrı, yoxsa kainat?
2. Tanrının, yoxsa kainatın başlanğıcı varmı?
Əlbəttə ki, ikinci sualda Tanrının başlanğıcından məqsəd insan zehninin uydurması olduğu üçün "Tanrı" fikrinin başlanğıcı olmasıdır, yəni "Tanrı"nın təxəyyül xaricində mövcud olmadığı varlıq anlayışının (materialist-ateist ontologiya) müdafiəsidir. Bu fundamental məsələdə kainatın başlanğıcının olub-olmaması məsələsi hansı düşərgənin haqlı olduğunu anlamaq üçün çox vacibdir.
Uzaq Şərq dinlərində dominant olan baxış kainatın əbədi olması və başlanğıcının olmamasıdır. Quranın "başlanğıclı yaradılmış kainat" iddiası yalnız kainat haqqında bir çox iddiadan biri deyil, həm də varlığın (ontologiyanın) başa düşülməsi ilə bağlı çox fundamental bir iddiadır və İslamı rəqib baxışlardan fərqləndirən vacib bir elementdir. /pravda.az/
Elşad Miri