Külli miqdarda yeyinti faktları: niyə heç bir məmur həbs edilmir? – Müəmma


Hesablama Palatasının açıqladığı hesabatların nəticəsiz qalması ictimai müzakirələrə səbəb olub. Belə ki, qurum bəzi müəssisələrdə pozuntular və mənimsəmə halları aşkarlasa da, təqdim edilən sübutlara baxmayaraq, əksər hallarda bu faktlar üzrə araşdırma aparılmır.

Hesablama Palatasının aşkarladığı külli miqdarda yeyinti faktlarına görə niyə heç bir məmur həbs edilmir?

Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, bir neçə gün əvvəl Milli Məclisdə Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyəti haqqında hesabat dinlənilib və müzakirə olunub:

“Hesabatda qurumun qanunla müəyyən edilmiş dörd əsas fəaliyyət istiqaməti üzrə gördüyü işlər təqdim edilib. Parlament bunu müsbət qiymətləndirdi. Palatanın əsas missiyası kənar dövlət maliyyə nəzarətini həyata keçirmək, nöqsanları, mənimsəmə və kənarlaşma hallarını aşkar etmək, həmçinin dövlət vəsaitlərinin səmərəli istifadəsini qiymətləndirməkdir. Nəzarət tədbirləri zamanı aşkar edilən pozuntular üzrə vəsaitlərin büdcəyə qaytarılması təmin olunur. Qurum fəaliyyətini yalnız yoxlamalarla məhdudlaşdırmır. Nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün tövsiyələr verir, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürür. Bu yanaşma maliyyə intizamının gücləndirilməsinə xidmət edir”.

aydin huseynov esas

Aydın Hüseynov

Deputat bildirib ki, yoxlamalar aidiyyəti qurumların rəhbərləri və məsul şəxslərin iştirakı ilə aparılır:

“Hesablama Palatasının nəticələri rəsmi aktlarda əks olunur və təsdiqlənir. Bu, prosesin şəffaflığını və obyektivliyini təmin edir. Aşkarlanmış pozuntuların aradan qaldırılması mümkün olduqda vəsaitlər yerində büdcəyə qaytarılır, daha ciddi hallarda isə materiallar hüquq-mühafizə orqanlarına göndərilir. Eyni zamanda, qurumların qanunvericiliyə əsaslanan arqumentləri də nəzərə alınır. Ümumilikdə, Hesablama Palatasının fəaliyyəti maliyyə intizamının möhkəmləndirilməsi, şəffaflığın artırılması və büdcə vəsaitlərinin səmərəli idarə olunması baxımından mühüm rol oynayır”.

REAL partiyasının sədri Natiq Cəfərli qeyd edib ki, Hesablama Palatası son illərdə daha keyfiyyətli hesabatlar və büdcə icmalları təqdim edir:

“Bu sənədlərdə dövlət büdcəsinin xərcləri, izafi, yaxud qeyri-qanuni vəsait istifadəsi konkret rəqəmlər və faktlarla əsaslandırılır. Nəzərə almaq lazımdır ki, bu, rəsmi dövlət qurumudur və onun apardığı auditlər, dərc etdiyi materiallar hüquqi baxımdan araşdırmalar üçün əsas yaradır. Qanunvericilik də bu cür halların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini tələb edir”.

natiq ceferli real

Natiq Cəfərli

Partiya sədrinin sözlərinə görə, son beş ildə təqdim olunan hesabatlarda yüz milyonlarla manat vəsaitin qeyri-rasional və ya qanunsuz xərclənməsi ilə bağlı faktlar açıqlanıb:

“Bu isə vacib suallar doğurur ki, həmin faktlarla bağlı neçə vəzifəli şəxs məsuliyyətə cəlb olunub? Hansı qurumların rəhbərləri barədə tədbir görülüb? Əgər cəza tətbiq edilməyibsə, bunun səbəbi nədir? Bu, kifayət qədər ciddi suallardır və onların cavablandırılması şəffaflıq, hesabatlılıq baxımından vacibdir. Müvafiq dövlət qurumları bu məsələlərə aydınlıq gətirməlidir”.


MANŞET XƏBƏRLƏRİ